Fransada Azərbaycan aşıqlarının konserti keçirilib
Fransada fəaliyyət göstərən Dünya Mədəniyyət Evinin təşkilatçılığı ilə "İslam dünyası musiqisi" adı altında məşhur Luvr Muzeyinin "Aiditorium" salonunda Azərbaycan aşıqları konsert proqramı ilə çıxış etmişlər. Konserdə sazda Altay Məmmədlinin, Samirə Əliyevanın, Ramin Qarayevin və Neymət Qasımlının, onları balabanda müşayiət etmiş Qəzənfər Quliyevin çıxışları fransız tamaşaçıları tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.
Tamaşaçılar Aşıq Ələsgərin, Abbas Tufarqanlının, Səməd Vurğunun, Osman Sarıvəllinin, Mikayıl Azaflının, Aşıq Şəmşirin, Aşıq Kamandarın, Zəlimxan Yaqubun mahnılarını, Cəlili, Ruhani, Yanıq Kərəm, Kərəm gözəlləməsi, Misri kimi saz havalarını məharətlə ifa etmiş aşıqları dəfələrlə səhnəyə çıxmağa məcbur etmişlər.
Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev, fransız ictimaiyyətinin nümayəndələri, diasporumuzun təmsilçiləri konsertdə iştirak etmişlər.
Fransalı sənətsevərləri musiqimiz təəccübləndirmişdir. Jozzet Tapure:"Bu konsert çox gözəl idi və mənə böyük təsir bağışladı. Maraqlıdır ki, ifaçıların hamısı gənc idi və onlar yüksək istedad nümayiş etdirdilər. Sazda aşıq havaları çalan gəncin ifaçılıq tərzini mən xüsusi qeyd edərdim. Onun manevri, ecazkar saz musiqisini tamaşaçılara çatdırmaq bacarığı məni tamamilə valeh etdi. Mən İslam Dünyası musiqisini dinləmək üçün hər il təşkil olunan belə konsertlərə gəlir, qocaman Şərqin zəngin musiqisi ilə yaxından tanış olmaqdan xüsusi zövq alıram. Artıq fars, türk, özbək və qazax folklor nümunələri ilə tanışam. Bu gün isə, ilk dəfədir ki, Azərbaycan incəsənəti, xalqınızın qoruyub saxladığı folklorun ən qədim nümunələrindən olan aşıq yaradıcılığı, ümumiyyətlə, musiqinizlə tanış oldum və bu tanışlıq xalqınızın zəngin və qədim incəsənətə malik olması baradə məndə müəyyən təsəvvür yaratdı."
Antuan Kurne (muzey əməkdaşı): "Mən Azərbaycan incəsənətinə və musiqisinə böyük maraq göstərirəm. Tamaşa etdiyim konsert çox xoşuma gəldi. Musiqiçilərin müxtəlif stildə çıxışları təəccübümə səbəb oldu. Onların hər biri özlərinə məxsus tərzdə musiqi nömrələrini ifa edirdi. İlk dəfə idi ki, Azərbaycan musiqisini dinlədim. Konsert Azərbaycan musiqisi baradə məndə müəyyən təsəvvür yaratdı. Ümid edirəm ki, gələcəkdə tez-tez musiqinizi dinləmək imkanı əldə edəcəyəm."
Konsert münasibətilə tərtib edilmiş proqramda aşıq musiqisinin xalq yaradıcılığının ayrılmaz tərkib hissəsi olması barədə məlumat verilmiş, "aşıq" sözünün mənası açıqlanmış, hazırda ölkəmizdə 400 aşığın olduğu, onların bölgələr üzrə qruplaşdığı, hələ qədim dövrlərdə kənd yerlərində aşıq musiqisinə ciddi maraq göstərildiyi, yalnız XII və XIII əsrlərdə bu folklor nümunəsinin şəhərlilərin həyatına daxil olduğu, Azərbaycanın 1300 yaşlı Dədə Qorqud eposunda aşıq yaradıcılığına rast gəlindiyi qeyd edilmiş, dünya şöhrətli ustad aşıqların adları, onların yaratdıqları dastanlar sadalanmış və bu gün onların yolunun davam etdirildiyinə, yeni aşıq nəslinin yetişdiyinə diqqət çəkilmişdir.