PDF Oxu

Mədəniyyət

  • 12

DÜNYA MƏDƏNİYYƏTİNƏ MİSİLSİZ TÖHFƏ

DÜNYA MƏDƏNİYYƏTİNƏ MİSİLSİZ TÖHFƏ
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" Beynəlxalq festivalın keçirilməsi bütün dünyada böyük maraqla qarşılanıb.
Etiraf edilməlidir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir. Məlum olduğu kimi, festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mədəniyyətinin Dostları Fondu festivala dəstək veriblər. Beynəlxalq festivalın prezidenti isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva idi. Onu da xatırladaq ki, "Muğam aləmi" festivalında Azərbaycan ilə yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunub. Mütəxəssislərin fikiincə, bu festival dünyada muğama marağın heç vaxt azalmayacağını şəksiz təsdiq edən inandırıcı faktdır. Muğam Azərbaycan xalqının musiqi sənətinin zirvəsidir, o, xalqımızın fəxri, Yer kürəsinin hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının eyniləşdirmə kodudur.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birlikdə bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirir: "Qarabağ xanəndələri" musiqi albomu buraxılıb, "Muğam" jurnalı nəşr olunur, "Muğam" ensiklopediyasının həm çap, həm də elektron versiyası hazırlanır. Əlamətdar haldır ki, son vaxtlar həm Azərbaycan, həm də xarici ölkələrdəki sənətkarların əksəriyyəti bu fikirlərə tam şərikdirlər. Onlar muğama olan sevgi və məhəbbətlərini ifadə edir, müsabiqəni ürəkdən dəstəklədiklərini bildirirlər.
Azərbaycan xalqının zəngin musiqisi qədim tarixə malikdir. İnsanların qəlbindən büllur dağ çeşməsi kimi süzülən xalq musiqisi əsrlər boyu yaşamış, tərəqqi etmiş, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır. Milli musiqimizin bir qolu olan muğam, ona görə bu qədər ürəyəyatımlı, qəlboxşayandır ki, xalqımız qədim zamanlarda öz dərdlərini muğamın dili ilə deyib.
XIX əsrdə Cabbar Qaryağdıoğlu, Cəmil Əmirov, Keçəçi Məhəmməd və b. bu sahədə böyük xidmətlər göstərərək muğama yeniliklər gətirmişlər. Sonrakı yüzillikdə muğam geniş intişar tapmış, inkişafının ən yüksək zirvəsinə çatmışdır. Görkəmli ifaçılar Xan Şuşinski, Əlövsət Sadıqov , Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Fatma Mehrəliyeva, Zeynəb Xanlarova, Arif Babayev, Qədir Rüstəmov, Hacıbaba Hüseynov, Canəli Əkbərov, Qulu Əsgərov, Alim Qasımov və adlarını çəkə bilmədiyimiz başqaları muğamı bütün dünya xalqlarına tanıtmış və sevdirmişlər.
Keçən əsrdə, xüsusən, 1920-ci ildən sonrakı onilliklərdə, demək olar ki, respublikanın bütün rayonlarında orta ixtisas musiqi məktəbləri, Bakıda isə konservatoriya və filarmoniya açılmış, muğam şöbələri yaradılmışdır. Qeyd etmək vacibdir ki, o dövrdə bütün dünyada məşhur olan dahi Üzeyir Hacıbəyov musiqi sahəsində cahanşümül xidmətlər göstərmişdir.
Ümummilli liderimiz Heydər Əliyev musiqi sahəsinə böyük qayğı və ehtiramla yanaşırdı. 1969-1982-ci illərdə SSRİ-nin digər respublikalarından fərqli olaraq böyük teatrlarda və möhtəşəm konsert salonlarında Azərbaycan bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, muğam, simfonik və kamera musiqisinin səsləndirilməsi məhz Heydər Əliyevin təşəbbüsü və köməyi ilə mümkün olurdu. Onun millətinə hədsiz məhəbbətinin nəticəsidir ki, Azərbaycan musiqisi SSRİ sərhədlərini keçərək dünyaya geniş yayıldı. Sovet dövründə heç bir müğənni Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülməmişdi. SSRİ-də ilk dəfə olaraq korifey sənətkarımız Rəşid Behbudovun bu ada layiq görülməsi o zaman nadir hadisə idi. Sonra Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin qızıl əmək ordeni ilə təltif edilmələri unudulmaz rəhbərimizin qayğısının bariz nümunəsi idi.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ulu öndərin gözəl ənənəsini bu gün ləyaqətlə davam etdirir, son illər az qala unudulmaqda olan muğamımıza yeni nəfəs gətirmişdir. Radio və televiziya kanallarına yol tapmış yabançı mahnılar, populist, ucuz şöhrət axtaran istedadsız müğənnilərin xarici musiqiyə aludə olmaları, xalq musiqisindən uzaqlaşma və ona xorbaxma meyilləri nəticəsində muğam sənəti xeyli sıxışdırılmışdı. Bu zərərli meylin genişləndiyini görən muğam ustaları, muğamsevərlər və xalqın böyük bir hissəsi təəssüflənir və narazılıq edirdilər. Muğam sənətinin sıxışdırıldığı belə bir zamanda Mehriban xanım ona böyük himayə göstərdi.
Artıq xeyli müddətdir ki, bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz və muğam həvəskarları rahat nəfəs alırlar, çünki hamı muğama qayğı göstərilməsindən məmnun qalır, muğamatımızın əbədi yaşayacağına möhkəm inanır. Bu inamı onlara Mehriban xanım Əliyeva bəxş etmişdir.
İlk vaxtlar Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın muğam konsertlərində saatlarla əyləşib xanəndələri maraqla dinləmələri ondan xəbər verirdi ki, muğamatımız tezliklə dirçəldiləcəkdir. Çox keçmədi ki, bu sahədə bir canlanma yarandı, qısa müddətdə tanınmış muğam ustalarının böyük konsertləri təşkil edildi. Televiziyada muğam müsabiqələrinin keçirilməsi, yaşlı və gənc nəsildən olan istedadlı müğənnilərə fəxri adların verilməsi, pensiya yaşına çatmış sənətkarlara Prezident təqaüdünün təyin edilməsi, eyni zamanda, istedadlı uşaqlara bu təqaüdün şamil edilməsi görülən tədbirlər silsiləsinə aiddir.

Digər xəbərlər