PDF Oxu

Mədəniyyət

  • 6

“Axundov gecəsi” adlı tədbir keçirildi

“Axundov gecəsi” adlı tədbir keçirildi
Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycanın klassik sənətkarı, dramaturgiyanın banisi Mirzə Fətəli Axundova həsr olunmuş "Axundov gecəsi" adlı tədbir keçirildi. Tədbir ilk dəfə olaraq dillərin sintezi əsasında - Azərbaycan, ingilis, fransız dillərində təşkil olunmuşdu. "Axundov gecəsi"ndə ilk olaraq Azərbaycanın himni səsləndirildi.
Tədbiri giriş sözü ilə filologiya elmləri doktoru, professor Buludxan Xəlilov açaraq, tədbirin belə məzmun üzərində qurulmasının təqdirəlayiq olduğunu bildirdi. O, qeyd etdi ki, müxtəlif dilləri öyrənmək bu və digər xalqların mədəniyyətini, adət-ənənələrini mənimsəmək deməkdir. Müasir dövrümüzdə ingilis, fransız və sair dillərə meyil və təlabat olmasına baxmayaraq, Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərinin qorunub saxlanılması dövrün və zamanın tələblərindəndir. Azərbaycan dilinin incəlikləri onun milli dəyərləri əxz etməsi şəxsiyyətin öz ana dilinə olan məhəbbətini daha da artırır. Nə qədər dil öyrənsək belə öz ana dilimizi unutmamalıyıq. Buludxan Xəlilov bildirdi ki, dil xalqları bir-birinə yaxınlaşdıran vasitələrdəndir. Odur ki, universitetin ingilis dili və fransız dili tələbələrinin hazırladıqları bu gecənin əhəmiyyəti böyükdür.
Çıxışdan sonra söz tələbələrə verildi. Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah cadukuni- məşhur" dramı əsasında hazırlanmış tamaşa iştirakçılara təqdim olundu. Qeyd edim ki, gecənin və tamaşanın təşkilatçıları ingilis dili və fransız dili şöbəsinin müəllimləri Əsədova Nurlana və İsmayılova Aytəndir. Tamaşanın qurluşçu rejissoru və səhnə tərtibatçısı da həmin şəxslərdir. Tələbələrdən Qumru Abdullayeva Hatəm xan ağanı, Məmmədova Lalə Şərəfnisə xanımı, Məmmədov Mehman Müsyö Jordanı, Ülviyyə Abbasova Şəhrəbanunu, Günay Süleymanova Məstəli şahı və başqaları tamaşadakı maraqlı obrazları fərdi bir üslubda oynadılar. Uzun illər Azərbaycan səhnəsində oynanılan bu tamaşanın tələbələrin təqdimatı tamaşaçılarda maraq doğurdu. Dörd səhnədən ibarət səhnənin iki səhnəsi fransız, iki səhnəsi isə ingilis dilində ifa edildi.
Tamaşa sona yetdikdən sonra maraqlı proqram əsasında hazırlanmış tədbirə rəngarənglik əlavə edildi. Axundovun A.S. Puşkinin ölümünə həsr etdiyi "Şərq poeması" Azərbaycan, ingilis, fransız dillərində səsləndirildi.
Tədbirdə çıxış edən "İngilis dilinin tədrisi metodikası" kafedrasının müdiri, professor Balaxan Hüseynov, xarici dillər kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva "Axundov gecəsi" tədbirini təşkilatçılarına minnətdarlıqlarını bildirib, ürək sözlərini ifadə etdilər. Belə bir məzmunda tədbiri təşkili dünya dillərinin özünəməxsus xüsusiyyətlərin üzə çıxarılmasına kömək edir, eləcə də dillərin öyrənilməsində praktik şəkildə mənimsənilməsində müsbət təsiri vardır.
Tədbirin sonunda "Axundov gecəsi"nin təşkilatçılarından Nurlana xanım çıxış edərək, belə bir layihənin gerçəkləşməsində onlara dəstək olan universitetinin rektoru və digər məsul şəxslərə öz minnətdarlığını bildirdi. O, qeyd etdi ki, universitetdə ilk dəfə olaraq dillərin sintezi əsasında gecə hazırlanır. Məhz Axundov yaradıcılığına müraciət etməsində əsas səbəb onun əsərlərinin Avropaya meyilli olması ilə əlaqələndirdi.
Tədbir Zülfiyyə Xanbabayevanın "Azərbaycan" mahnısı ilə sona yetdi.

Digər xəbərlər