Qədim Şamaxı şəhərinin qalıqları aşkarlanıb
Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya institutu ekspedisiya qrupları qədim Şamaxı şəhərinin qalıqlarını tapıb. İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin məlumatına görə, bu tapıntı bir neçə gün əvvəl Şamaxı şəhərində 1 saylı məktəbin həyətində yeni binanın inşası zamanı aşkarlanıb və tikinti işləri dərhal dayandırılıb.
Geniş arxeoloji qazıntıların aparılmasına ehtiyac yarandığından arxeoloji ekspedisiya ərazidə tədqiqatlarını davam etdirəcək. Qeyd edək ki, ekspedisiya qrupları Azərbaycanın müxtəlif bölgələrindəki 30-dan çox ərazidə qazıntı-tədqiqat işləri aparıb. Qarabağ bölgəsinin Azərbaycanın nəzarəti altında olan ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində isə Ağcabədinin Qalatəpə deyilən ərazisində qədim şəhər aşkar edilib. Qədim yazılı mənbələrdə həmin ərazilərdə şəhər tipli yaşayış məskəninin olduğu barədə informasiyalar var idi. Bu qazıntılar nəticəsində həmin şəhərin məhz bu ərazidə olduğu müəyyənləşib. Orada Qalatəpə adlanan abidədə şəhər yaşayış məskəninin qalıqları da aşkar edilib.
Bundan başqa daş dövründən orta əsrlərədək bütün tarixi mərhələləri əks etdirən qədim yaşayış məskənləri, qəbir abidələrində arxeoloji qazıntılar aparılıb. Elmə məlum, lakin maliyyə çatışmazlığından arxeoloji qazıntılar aparılmayan abidələr də tədqiq edilib. Hazırda işə cəlb olunmuş Yaponiya, Fransa, Almaniya, Gürcüstan və Birləşmiş Ştatlardan olan mütəxəssislərlə birgə qədim tapıntılar təhlil edilir. Azərbaycanda müasir arxeoloji laboratoriya olmadığından Tovuzun Göytəpə neolit dövrünə aid abidəsinin yaşını dəqiq öyrənmək üçün aşkar edilmiş bəzi nümunələr isə Yaponiyaya göndərilib. Neolit, tunc, antik dövrlərə aid abidələrdə qazıntılar aparılıb. Uzun müddətdir ki, bu tip abidələrdə qazıntı işləri aparılmayıb. O illərdə yaşayan insanların yaşayış tərzini əks etdirən maddi-mədəniyyət nümunələri aşkar edilib. Naxçıvanın Şərur rayonu ərazəsində ABŞ mütəxəssisləri birgə qazıntı aparıb. Oğlanqala abidəsində nadir tapıntılardan olan mixi yazılar aşkar edilib. Bu da Azərbaycanda qədim yazı sənətinin, dövlətçilik ənənələrinin öyrənilməsi üçün olduqca vacibdir.
Şəmkirin Qaracəmirli kəndi yaxınlığında eramızdan əvvəl 1-ci minilliyin ortalarına aid qədim şəhər məskənində də tədqiqat aparılıb. Ümumilikdə, qədim tapıntılar üzərində təhlil və təmizləmə işləri aparıldıqdan sonra isə bu eksponatların bir qisminin aşkar edilmiş rayonların tarix muzeylərinə göndərilməsi, digərlərinin arxeologiya və etnoqrafiya institutunun arxeoloji fonunda saxlanılması nəzərdə tutulub.
Xatırladaq ki, prezidentin 5 fevral 2008-ci il sərəncamına əsasən, 2008-2009-cu illərdə Azərbaycanda arxeoloji tədqiqatların aparılması məqsədilə Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutuna 1 mln man vəsait ayrılmışdı. Ötənilki tədqiqat işlərinə məbləğin yalnız 300 min man-ı sərf edilmişdi. Qalan 700 min manat vəsait hesabına bu il ikiqat artıq işlər görüləcək.