Musiqili Komediya Teatrı Rustavi şəhərində konsert proqramı ilə çıxış edib
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı martın 14-də Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi - Rustavi şəhərində konsert proqramı ilə çıxış etmişdir.
Azərbaycanlıların Rustavi şəhərindəki mədəniyyət mərkəzinin direktoru Xaləddin Yolçuyev Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, səfirliyə, teatrın yaradıcı kollektivinə bayramqabağı tədbirin təşkilinə və dəstəyə görə təşəkkür etmişdir. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev tamaşaçıları Novruz bayramı münasibətilə təbrik etdikdən sonra Rustavi Dövlət Dram Teatrının səhnəsi aktyorların ixtiyarına verilmişdir. Xalq artistləri Arif Quliyev, Fatma Mahmudova, əməkdar artistlər Xanım Qafarova, Çingiz Əhmədov, beynəlxalq müsabiqələr laureatı İnarə Babayeva, tanınmış skripkaçı Səlim Abbasov və başqalarının çıxışları sürəkli alqışlarla qarşılanmışdır. Tamaşaçılar son bir neçə ildə Rustavidə belə bir konserti xatırlamadıqlarını bildirmişlər.
Teatrın yaradıcı kollektivi martın 15-də Marneulidə, 16-da Tbilisidə konsertlər vermişdir. Ayın 17-də isə qardabanililəri maraqlı konsert proqramı ilə sevindirmişdilər.