“Aslanın adı ilə” filmi Azərbaycana gətirilib
Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun rəhbəri Nuridə Atəşi görkəmli Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında çəkilmiş "Aslanın adı ilə" filmini Azərbaycana gətirib. Beş ildən artıq Almaniyada "UM VELT FİLM BERLİN" film studiyası tərəfindən Ralf Marşallekin rejissorluğu ilə çəkilişləri aparılan Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığına həsr olunmuş bədii sənədli film artıq hazırdır. Ekran əsəri Almaniya dövlətinin maliyyəsi ilə çəkilib.
Alman dilində çəkilən filmin (titrdə ingilis dilində sinxron tərcümə verilib) çəkilişləri Almaniyada, Avstriyada, İtaliyada, Azərbaycanda və Gürcüstanda aparılıb. Filmdə Məhəmməd Əsəd bəyin Qurban Səid olması barədə faktlar və arxiv sənədləri ilə açıqlanır.
Məhəmməd Əsəd bəy (Lev Nissembaum, Qurban Səid) Azərbaycan mühacir ədəbiyyatının böyük nümayəndələrindən biridir. O, Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət edib, Avstriya və İtaliyada da yaşayıbdır. Ağır xəstəlikdən vəfat edən nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunub.
Onun əsərləri Avropa və ABŞ-da müxtəlif dünya dillərinə tərcümə edilib və bestsellerlər sırasına daxil olub. Təxminən 20 kitab müəllifi olan Məhəmməd Əsəd bəy öz adıyla yanaşı, "Qurban Səid", "Leo Nussimbaum" imzalarıyla da çıxış edib. O, "Əli və Nino", "Şərqdə neft və qan", "Qafqazın 12 sirri", "Stalin:Fanatın karyerası", "Qafqaz. Dağlar, xalqlar və tarix", "Məhəmməd. Sonuncu peyğəmbər", "Ağ Rusiya", "Rusiya yolayrıcında", "Maye qızıl", "Lenin", "Rza Şah - başçı, padşah, islahatçı","Nikolay. Sonuncu çarın əzəməti və sonu", "Allah böyükdür. Əbdül Həmiddən İbn Sauda qədər islam dünyasının tənəzzülü və yüksəlişi", "Mussolini", "Sevgi və neft", "Manuela" kimi əsərlərin müəllifidir.