Bu gündən torpaq qış yuxusundan oyanmağa başlayır
Bu gün axır çərşənbə - "Torpaq çərşənbəsi"dir. Buna "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" də deyilir. İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Çərşənbələrin içində ən vacibi axırıncı - axır çərşənbə axşamıdır. Həmin gün ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyat: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, və s. hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurtalar qoyulur. Stolda yeddi növ nemət olur. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.
Bu çərşənbədə torpağa canlanma gəlir, o öz qarını-buzunu əridir, toxumunu cücərdir, ağaclar yuxudan oyanaraq tumurcuqlamağa başlayır, bağ-bostan, dirrik yerləri əkinə hazırlanır, elə bahar gəlir. Xalq inamına görə, gələn ilin taleyi bu çərşənbədən asılıdır, çünki insanları yedirdən məhz torpaqdır. Torpaq çərşənbəsində evlərdə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni göyərdilir. Səməni əla növ sarı buğdadan hazırlanır və böyük zəhmət hesabına başa gəlir. Hazır olanda isə belinə qırmızı lent bağlanaraq süfrəyə qoyulur.
Xalq axır çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İnanca görə axır çərşənbə "Novruz"la üst-üstə düşərsə, ilin daha uğurlu keçəcəyi gözlənilir. Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatla bəzədilir. Axır çərşənbədə də od qalanıb tonqal yandırılır. Həmin gecə "qulaq falı"na çıxırlar. Bunun üçün ürəyində bir niyyət tutub hava qaralandan sonra xəlvətcə qonum-qonşunun birinin qapısına gedilir. Qapıda durub ayağının altına açar qoyub içəriyə qulaq asılır. İlk eşidilən kəlmə niyyətin yerinə yetib-yetməyəcəyini nişan verir. Xoş söz yaxşı mətləbə, pis söz, narazılıq isə niyyətin yerinə yetməyəcəyinə işarədir. Buna görə ağbirçək nənələrimiz bizə axır çərşənbədə həmişə xoş sözlər, ürəkaçan söhbətlər etməyi öyüd veriblər.
Deyilənə görə, ilin axır çərşənbə gecəsi evdən kənara getmək olmaz. Çünki belə etsən yeddi il evində rahatlıq tapa bilməzsən. Buna görə də axır çərşənbə axşamı hər kəs öz evində, ailəsilə birlikdə olmalıdır.