“Muğam aləmi” dünyada Şərq mədəniyyətinin təntənəsidir
"Bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz- bunlardır Azərbaycan xalqının mənəvi əsasları." Bakı-islam mədəniyyətinin paytaxtı- 2009" beynəlxalq tədbirin açılış mərasimində mənəvi dəyərlərimiz barədə söhbət açan Prezident İlham Əliyev bu sözləri ilə bir daha bildirdi ki, Azərbaycan mədəniyyətinin əsrlərdən bəri qorunub saxlanılan zəngin mənəvi irsi Şərq xalqları arasında da seçilir. Heydər Əliyev Fondunun prezidenti, milli-mənəvi sərvətlərimizin dünya xalqları tərəfindən tanıdılmasında böyük xidmətləri olan Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi tədbirlər Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini daha da artırır.
Məhz onun gördüyü işlərin nəticəsidir ki, Şərq xalqlarının ənənəvi musiqisinin özünəməxsus növlərinin, o cümlədən, Azərbaycan muğamının qorunması və inkişafı ümumdünya əhəmiyyətli tədbir kimi dəyərləndirilir. YUNESKO-nun Bəşəriyyətinin Şifahi və Qeyri-Maddi irsinə dair Şah Əsərləri Dünya Siyahısına Azərbaycan muğam və aşıq sənətinin, min illərlə yaşı olan tarixi abidələrin adlarının daxil edilməsi də YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü sayəsində mümkün olmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə muğam müsabiqələrinin keçirilməsi, Muğam Evinin tikilib istifadəyə verilməsi, Azərbaycan xalq sənətinin qorunub, təbliğ olunması üçün ən dəyərli xidmətlərdir.
Təhsil Nazirliyində keçirilən mətbuat konfransında bu sahədə görülən işlər, "Muğam Aləmi" Beynəlxalq Festivalına hazırlıq istiqamətində həyata keçirilən tədbirlər barədə danışıldı. Mərasimdə giriş sözü çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, son illər muğamlarımızın təbliği naminə keçirilən tədbirlər milli-mənəvi dəyərlərimizin qorunması, zəngin isrə malik mədəniyyətimizin inkişafı istiqamətində atılan uğurlu addımlardır.Azərbaycan xalqı, musiqisevərlər, xanəndələr beynəlxalq səviyyədə görülən işləri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna, əvəzsiz xidmətləri kimi dəyərləndirir və yüksək qiymətləndirir. Bakının 2009- cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması bu istiqamətdə həyata keçirilən tədbirlərin sayını artırmaqla, miqyas və coğrafiyasını da genişləndirir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlərin xoş sorağı təkcə Şərq ölkələrindən deyil, Avropa dövlətlərində də eşidilməkdədir. Xüsusilə, Xocalı soyqırımının dünya xalqlarına olduğu kimi tanıdılması üçün fond tərəfindən həyata keçirilən tədbirlər vətəndaşlıq məsuliyyətindən qaynaqlanır.
Heydər Əliyev Fondunun dəstəyi, təhsil, mədəniyyət və turizm nazirliklərinin, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun iştirakı ilə keçirilən I Respublika Muğam Müsabiqəsi də bu istiqamətdə görülən işlərin davamıdır. Milli-mənəvi dəyərlərimizi, əsrlərdən bəri qorunub saxlanılan adət-ənələrimizi özündə yaşadan Novruz bayramı ərəfəsində təşkil olunan " Muğam aləmi" Beynəlxalq Musiqi Festivalına hazırlıq mərhələsi kimi I Respublika Muğam Müsabiqəsi başlayıb. Müsabiqədə iştirak etmək istəyən, 104 nəfərin arasından seçilən və birinci turun qalibi olan 10 nəfər II turda iştirak etmək hüququ qazanıb. Bu turda qalib olan 3 nəfər Beynəlxalq Muğam Festivalında iştirak etmək şansı əldə edəcək.
Bu cür tədbirlərin xalqlar və millətlərarası mədəni əlaqələrin genişlənməsində, müasir etnik-regional mədəniyyətlər arasında tarixi əlaqələrin bərpa olunmasında böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdıran M.Mərdanov vurğuladı ki, respublikanın tanınmış xanəndələri və ustad sənətkarlardan ibarət münsiflər heyəti iştirakçıların muğamı mənimsəmə qabiliyyətinə və musiqi duyumuna diqqət yetirirlər.
Nazir qeyd etdi ki, Beynəlxalq Festivalda YUNESKO-nun baş katibi K.Matsuuranın, Şərq mədəniyyəti ilə yaxından maraqlanan Fransa, İtaliya, Norveçdən olan nümayəndələrin də iştirak etməsi dünyada muğamın təntənəsi kimi dəyərləndirilir. Beynəlxalq Musiqi Festivalının qalibləri üçün təyin olunan mükafatlar barədə də açıqlama verildi. Deyildi ki, Grand Prix mükafatı üçün 20 min avro ayrılıb. Birinci (15 min eur), ikinci (10 min eur), üçüncü ( 5 min eur) yerlər üçün də mükafatlar nəzərdə tutulub. İfaçıların seçilməsi üçün əvvəllər də təşkil olunan televiziya muğam müsabiqələrini önəmli addım kimi xatrıladan münsiflər heyətinin üzvü, Milli Konservatoriyanın rektoru, bəstəkar Səyavuş Kərimi I Respublika Muğam Müsabiqəsi barədə məlumat verdi.
S.Kərimi bildirdi ki, 40-dan artıq ölkənin iştirakı nəzərdə tutulan festivalda təmsil olunacaq respublikalar, əvvəlcə öz ölkələri barədə qısa da olsa videoçarxlar vasitəsilə məlumat verəcək. Dünyada ilk dəfə olaraq belə bir tədbirin, İslam Mədəniyyətinin Paytaxtı elan olunan Bakıda keçirilməsinin özünün də rəmzi mənası var. Festivalın münsiflər heyətində YUNESKO-nun muğam üzrə baş eksperti Jan Dürinq, Türkiyədən Fikrət Karakaya, Almaniyadan Mixail Breer, Niderlanddan Bin Van Zanger təmsil olunacaq.
"Müsabiqələrdən fərqli olaraq festivallarda mübarizə olmur" söyləyən S.Kərimi vurğuladı ki, çıxışlar konsert xarakterli olacaq, belə festivallar davamlı olaraq iki ildən bir keçiriləcək.