PDF Oxu

Mədəniyyət

  • 14

Opera ulduzlarının ifasında “Aida” operasının tamaşası göstəriləcək

Opera ulduzlarının ifasında “Aida” operasının tamaşası göstəriləcək
Opera və Balet Teatrından aldığımız məlumata istinadən, martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üç dövlətin - Azərbaycan, Gürcüstan və Belorusun opera sənəti ulduzlarının ifasında Cuzeppe Verdinin "Aida" operasının tamaşası göstəriləcək.
Tamaşada Aida partiyasını Azərbaycanın istedadlı vokal ustası-respublikanın xalq artisti, Vokalçıların Beynəlxalq Müsabiqələrinin Laureatı Qərinə Kərimova, Radames partiyasını Gürcüstanın xalq artisti, Dövlət Mükafatı və Beynəlxalq Müsabiqələr Laureatı, professor Teymuraz Ququşvili, Amneris partiyasını isə Belorusun əməkdar artisti, Vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı Oksana Yakuşeviç ifa edəcəklər.
Teymuraz  Ququşvilinin   adı bakılı opera həvəskarlarına yaxşı  tanış olsa da,  beloruslu  vokalçı  Azərbaycan  Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ilk dəfə çıxış edəcək.
Oksana Yakuşeviç Belorus Opera və Balet Teatrının aparıcı solistidir, mütəmadi olaraq bir çox xarici ölkələrdə çıxış edir. O, Almaniya, Çexiya, Finlandiya, Fransa, Bolqarıstan, Sloveniya, Avstriya və İtaliyada uğurlu qastrol səfərlərində olmuşdur. Oksana Yakuşeviç çox nadir vokal göstəricilərinə, gözəl və güclü səs tembrinə malikdir. Onun parlaq və effektli xarici görkəmi hər zaman tamaşaçıların diqqətini cəlb edir.
Tamaşanı Azərbaycan Respublikasının xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
Martın 14-də vokal ulduzlarının ifasında baş tutacaq bu tamaşa, heç şübhəsiz ki, şəhərimizin mədəni həyatında əlamətdar bir hadisəyə çevriləcək və opera sənəti həvəskarlarına böyük sevinc bəxş edəcək.

Digər xəbərlər