Dövlət gənclər siyasəti gənclərin ikişafına imkanlar açır
Lənkəran Dövlət Universitetində "Tələbə-Gənclər Təşkilatının Dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurları və vəzifələri" mövzusunda konfrans keçirilmişdir.
Lənkəran Dövlət Universitetin mətbuat və iformasiya xidmətinin rəhbərinin verdiyi məlumata əsasən, konfransı giriş sözü ilə universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İskəndərov açaraq, ali təhsil ocağında dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Universitet tələbə-gənclər təşkilatının sədri Samir Salayev, tələbə-gənclər təşkilatının fakültə üzrə sədri Teyyub Hüseynov, tələbə-gənclər təşkilatı idarəetmə şurasının üzvü Seymur Kazımov "Tələbə-gənclər təşkilatının fəaliyyəti, məqsəd və vəzifələri", "Dövlət gənclər siyasəti gəncliyimizin ikişafına geniş imkanlar açır" və s. mövzularda məruzələr etmişlər.
Lənkəran gənclər və idman idarəsi rəisinin müavini Məlahət Ağayeva, biologiya elmləri namizədi, dosent Zakir Daşdəmirov gənclərin vəzifələrindən danışaraq, gənclər siyasətinin əsas məqsədinin peşəkar mütəxəssis hazırlamaq, vətənpərvər, ləyaqətli vətəndaş yetişdirmək olduğunu bildirmişlər.
Konfransda Prezident İlham Əliyevin dövlət gənclər siyasətinə dair imzaladığı Dövlət Proqramları ilə əlaqədar qarşıda duran vəzifələrin həllinə diqqətin daha da artırılması məqsədilə qərar qəbul edilmişdir.