Katex kəndində tarixi abidə aşkarlanıb
Balakən rayonunun Katex kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Xaldan-Balakən magistralı üzərində yerləşən kənd ərazisində 5-7-ci əsrlərə aid Qala divarları, 17-18-ci əsrlərə aid gözətçi qüllələri və qalalar, həmçinin, 18-ci əsrə aid islam elmi mərkəzi və sair tarixi-memarlıq abidəsi kimi qorunur.
Bu yaxınlarda Katex kəndində daha bir tarixi abidə-Gedobqara obasındakı mədrəsə binasının divar daşları üzərində təsadüfən aşkarlanan piktoqramlar (şəkilli yazılar) tariximiz üçün yeni bir səhifənin başlanğıcı hesab oluna bilər. Qobustan qayaları üzərindəki şəkil və yazılarla oxşarlıq təşkil edən piktoqramlar sakinlərin marağına səbəb olduğundan buraya yerli mütəxəssisləri dəvət etmişlər. İlkin araşdırmalara əsasən mədrəsə binasının hicri təqvimi ilə 1315-ci ildə inşa edildiyi, piktoqramların isə eramızdan əvvəlki illərə aid olduğu bildirilir. Tarixçi mütəxəssislərin ehtimalına görə, Katex kəndində aşkar edilən bu tarixi abidədəki daşüstü təsvirlərə kəndin yuxarısındakı Şişdağın zirvəsində siklopik tikililər və ibtidai insanların nəhəng qaya parçalarından tikdiyi qalalarda da rast gəlinir. Böyük ehtimalla Mədrəsə binası tikilərkən həmin qayalardan qopan daş parçalarından istifadə olunmuşdur.
Tarixi mənbələrə əsasən piktoqrafik yazılardan mezolit dövründən eramızın əvvəllərinə kimi istifadə olunmuşdur. Katex mədrəsəsinin divarları üzərində günəşlə ay, dağ təkəsi, eləcə də digər maraqlı rəsmlərə də təsadüf edilir. Bunların elmi əsaslarla mütəxəssis araşdırmasına böyük ehtiyacı vardır.