BMÜTT-nin Avropa üzrə Komissiyasının 49-cu iclası Bakıda keçiriləcək
Cari ilin 24-26 mart tarixlərində Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyanın 49-cu iclası və "İqtisadi böhranının Avropa turizminə təsiri" adlı texniki seminarın keçirilməsi nəzərdə tutulur. Tədbirlərdə Avropanın 45 ölkəsindən nümayəndə heyətinin iştirakı gözlənilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, iclasın Bakıda keçirilməsi haqqında qərar 15-16 may 2008-ci il tarixlərində Çexiya Respublikasının paytaxtı Praqa şəhərində BMÜTT-nin Avropa üzrə Komissiyasının 48-ci iclasında qəbul edilmişdir.
Həmin iclas zamanı növbəti iclasın keçirilmə yeri və tarixi müzakirə olunmuşdur. Bununla əlaqədar, Azərbaycan və Bolqarıstan öz namizədliklərini irəli sürmüşlər. Hər iki ölkə tərəfindən turizm imkanları haqqında geniş təqdimatlar keçirilmişdir. Təqdimat zamanı Azərbaycanın turizm potensialı, abidələri, turizmin inkişafı ilə bağlı statistik göstəriciləri, ölkədə fəaliyyət göstərən turizm şirkətləri, mehmanxanalar, turizm informasiya mərkəzləri, beynəlxalq aviaşirkətlərin respublikamızdakı nümayəndəlikləri, marketinq sahəsində müxtəlif istiqamətdə aparılan işlər, hazırda turizm sahəsində əldə etdiyimiz nailiyyətlər, Dövlət Proqramının prioritet sahələri, ölkəmizin turizm sahəsində beynəlxalq əlaqələri və Azərbaycanda "MİCE" turizminin inkişafı haqqında ətraflı məlumat verilmişdir. Təqdimatdan sonra göstərilmiş Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxı və paylanılmış çap məhsulları iştirak edən nümayəndələrin böyük marağına səbəb olmuşdur. Bolqarıstan Respublikası təqdimat zamanı öz namizədliyini Azərbaycan Respublikasının xeyrinə geri götürmüş və BMÜTT-nin Avropa üzrə Komissiyasının 49-cu iclasının 2009-cu ilin mart ayında Bakıda keçirilməsi qərara alınmışdır.