PDF Oxu

Mədəniyyət

  • 10

“1992-ci il 26 fevral Xocalı soyqırımı” mövzusunda tədbir keçirildi

“1992-ci il 26 fevral Xocalı soyqırımı” mövzusunda tədbir keçirildi
Dünən AMEA Milli Azərbaycan Tarixi Muzeyində "1992-ci il 26 fevral Xocalı soyqırımı" mövzusunda tədbir keçirildi. Mərasimdə muzeyin əməkdaşları, orta məktəb şagirdləri və KİV nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən muzeyin elmi-maarif şöbəsinin müdiri, tarix elmləri doktoru Bəhmən Kərimov Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsindən danışdı. Bildirdi ki, Xocalı qaçqınlarının BMT, Avropa Birliyi və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətlər etmişdilər. Artıq 17 ildir ki, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda, böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirlər. Erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələnləri dünyanın BMT, AB və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlarına, sülhsevər ölkələrə Ermənistan kimi dövlətin təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklərini bildirirlər: "Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir."
Tədbirdə muzeyin kiçik elmi işçisi Ləman Məmmədova Azərbaycanın ən yeni dövr tarixinin ekspozisiyası və fondları şöbəsinin kiçik elmi işçisi Aqil Əhmədov və Numizmatika şöbəsinin kiçik elmi işçisi Aygün Məmmədova bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olan Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu bildirdilər. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Tədbirdə çıxış edənlər 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndiyini bildirdilər.
Tədbirin sonunda 244 saylı məktəbin şagirdləri Xocalı soyqırımı ilə bağlı bədii kompozisiya ilə çıxış etdilər, soyqırıma aid fotoşəkillərdən ibarət təqdimat və sənədli film nümayiş etdirildi.

Digər xəbərlər