PDF Oxu

Mədəniyyət

  • 5

Qəhrəmanlıq zirvəsinə aparan yol

Qəhrəmanlıq zirvəsinə aparan yol
Şəhid Elçin Rasim oğlu Cavadovun adını daşıyan Nəsimi rayonunun 15 saylı məktəbində şəhidin xatirə gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir şəhidin oxuduğu 15 saylı məktəbdə duyğu dolu anlarla qeyd olunub. Şəhid Elçin Cavadovun şəkilləri ilə bəzədilən məktəbin dəhlizində keçirilən tədbirin, qonaqların və şəhidin ailə üzvlərinin əyləşdiyi məkanın yanan şamlarla bəzədildiyini gördük. Elçin Cavadovun xatirə gecəsini 15 nömrəli məktəbin təşkilat işləri üzrə direktor müavini Razim Həsənov açıb. R.Həsənov şəhidin məktəb illərindən, vətənə olan sevgisindən və Ağdam şəhərinin müdafiəsində göstərdiyi qəhrəmanlıqdan  bəhs edib: "Elçin Cavadov 1963-cü ilin 3 dekabrında Bakı şəhərində dünyaya göz açıb. Elçin Nəsimi rayonunun 15 saylı məktəbini  bitirdikdən sonra  Politexnik Texnikuma daxil olub. Daha sonra o, Daxili İşlər Nazirliyi sistemində fəaliyyətini davam edib".
Daha sonra məktəbin direktoru, vətənəpərvər insan Şəhla Əmrahova nitq söyləyib: "Elçin Cavadovun qəhrəmanlığı, vətənpərvərliyi, bu gün bütün məktəblilərə dərs olmalıdır".  Şəhla Əmrahova şəhidin məktəb illərindən geniş bəhs edib və şəhidin xatirələrdə, ürəklərdə daim yaşayacağını bildirib. Məktəb müdirinin çıxışı şagirdlər tərəfindən düşüncəli baxışlarla, maraq və diqqətlə qarşılanıb. Ş.Əmrahovanın vətənpərvərlik ruhundakı çıxışından sonra söz məktəblilərə verilib. Məktəblilər tədbir iştirakçıları qarşısında şəhidin xatirəsinə həsr olunan şeirlər və mahnılar oxuyub. Qeyd edək ki, bu tədbir şəhidin xatirə günü ilə bərabər Xocalı soyqırımına da həsr edilmişdi. Belə ki, məktəblilər Xocalı soyqırımına həsr olunan şeirlərlə və səhnəciklərlə də  çıxış edib. Daha sonra tədbirdə şəhidin anası Humay Cavadova çıxış edib. O öz çıxışında məktəbin direktoru Şəhla Əmrahovaya dərin təşəkkürünü bildirib və oğlunu vətən üçün böyütdüyünü qeyd edib. Şəhidin anası Humay Cavadova çıxış edərkən, göz yaşlarına hakim ola bilməyib.  Onu da qeyd edək ki, tədbirdə şəhidin yaxın qohumları da iştirak edirdi. Onlar arasında Elçin Cavadovun xalası, dayısı, qardaşı və yaxın qohumları da olub. Tədbirə gələnlər şəhidin xatirə lövhəsi önünə tər çiçəklər düzdülər. Humay Cabbarova bildirdi ki, oğlu cəbhə zonasında dəfələrlə olub. Onun hər dəfə 10 günlüyünə döyüş dəstələri ilə  Qubadlıda və Zəngilanda  olduğunu qeyd edib: "Elçin 2 gün evə gəlmədi. Biz elə başa düşdük ki, Elçin rayona gedib.  Sonra Elçinin dostları bizə bildirdi ki, o, döyüş bölgəsinə getmək istəyirdi. Bir neçə gün sonra Elçin evə zəng vurdu. Biz onda bildik ki, o, döyüş zonasındadır".
Tədbirdən sonra şəhid ailəsi Elçin Cavadovun "Şəhidlər Xiyabanı"ndakı məzarını ziyarət edib. Şəhidin anası onu da bildirib ki, qızı Sevincin 5 yaşındakı oğlu dayısı Elçinin adını yaşadır. Ana bildirib ki, əgər Elçin yaşasaydı, o, indi 45 yaşında olacaqdı. Şəhidin qardaşı Tahir Cavadovun sözlərinə görə, Elçin  hər zaman məktəbdə qardaşını müdafiə edib: "O, vətəni erməni işğalçılarından müdafiə etmək üçün hamıdan xəbərsiz evdən çıxıb və  Ağdamın Xındırıstan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 23 fevral tarixi Elçin Cavadovun şəhidlik zirvəsinə yüksəldiyi gündür. Hətta o vaxt ermənilər onun başına qiymət də qoymuşdular".
Məktəb direktoru Ş.Əmrahova SİA-nın müxbirinə verdiyi açıqlamada dəcəl uşaqları daha çox sevidiyini bildirib: "Çünki onlar böyüyəndə daha çox vətənpərvər olurlar. Elçin də məktəbli olarkən dəcəl, lakin vətənpərvər idi".

Digər xəbərlər