Süleyman Ələsgərovun 85 illik yubileyi qeyd olunacaq
Fevralın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, tanınmış bəstəkar Süleyman Ələsgərovun anadan olmasının 85 illiyinə həsr olunmuş konsert keçiriləcək. Onun əsərləri əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında səsləndiriləcək.
Yaradıcılığı Azərbaycanın peşəkar musiqi tarixinin parlaq səhifələrindən olan Süleyman Ələsgərov "Bahadur və Sona" operasının, 12 musiqili komediyanın, "Bayatı-şiraz" muğamının, simfonik orkestr üçün üverturanın, 2 simfonik poemanın, 4 kantatanın, müxtəlif mahnı və romansların müəllifidir. Mərhum sənətkar hazırda musiqi sahəsində fəaliyyət göstərən yüzlərlə ifaçı və bəstəkarın yetişməsində əhəmiyyətli işlər görmüş, pedaqoji fəaliyyəti ilə seçilmişdi.