Tarixi arxitektura abidəsi ziyarət olunub
"Bakı - islam mədəniyyətinin paytaxtı - 2009" mədəniyyət ili çərçivəsində tədbirlər davam edir. Şəhərimizin bütün mədəniyyət ocaqlarında tədbirlər keçirilir. Avropa və islam dövlətlərindən, Avropanın mədəniyyət paytaxtları olan Lints və Vilnüs, Bakıya qədər mədəniyyət paytaxtı olan 30 şəhərdən, habelə, Bakı ilə qardaşlaşmış Hyuston şəhərindən gəlmiş qonaqların iştirakı ilə keçirilən tədbirlər sırasında paytaxtımızın mədəniyyət abidələri ilə tanışlıq da nəzərdə tutulub. Mədəniyyət paytaxtı ili çərçivəsində bu il ölkəmizdə yüzdən çox milli və beynəlxalq tədbir təşkil olunacaq. Tədbirlər Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət etməklə yanaşı, müxtəlif mədəniyyət və sivilizasiyaların qovşağında unikal coğrafi mövqeyi, dözümlülük və icmalararası sülh ənənələri, mədəni və etnik rəngarənglik şəraitində yaşayan Azərbaycanın sivilizasiyalar arasında körpü rolu oynamasını bir daha təsdiqləyəcək.
"Bakı - islam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin açılışı münasibətilə Azərbaycana gəlmiş qonaqlar Qız qalası ilə yaxından tanış olmuşlar.
Qonaqlara məlumat verilmişdir ki, Bakı şəhərində, Qədim qala divarlarının (İçərişəhərin) cənubi-şərq hissəsində, Dənizkənarı Milli Parkın yaxınlığında yerləşən Qız qalasının divarlarının hündürlüyü 30, qalınlığı isə 5 metrdir. Bu qala Abşeron yarımadası ərazisində ən möhtəşəm və ən qədim müdafiə tikilisidir.
Bildirilmişdir ki, tarixi arxitektura abidəsi hesab edilən Qız qalası ilə bağlı çoxlu əfsanələr mövcuddur. Qız qalası iki hissədən ibarətdir. Əsas hissə silindr formasında, digər hissə isə dəniz tərəfdə uzunsov dayaq divar şəklindədir.
Qonaqların diqqətinə çatdırılmışdır ki, qədim qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərir, 2000-ci ildə YUNESKO-nun abidələri siyahısına salınmışdır.
Qonaqlar burada xatirə şəkli çəkdirmiş və onlara Qız qalasının suvenirləri hədiyyə edilmişdir.