PDF Oxu

Mədəniyyət

  • 12

Güllər nədən danışır...

Güllər nədən danışır...
Çiçəklərin rəmzi mənası hər zaman çoxları üçün xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif ölkələrdə güllərə yerli adət-ənənəyə uyğun olaraq, fərqli rəmzi mənalar verilir. Nəticədə çiçəklərə münasibət dəyişir və onlar yeni anlamda işlədilir.
Hələ qədim dövrlərdən güllər deyilə və ya yazıla bilməyən hisslərin ifadəsi üçün istifadə edilirdi. Gül lüğətlərinin, demək olar ki, hamısı XVIII əsrə təsadüf edir. Uzun illər, əsrlər keçdikdən sonra güllərin rəmzi dili, mənası, demək olar ki, tamamilə unudulub. Güllərin hansı mənaları verdiyi barədə isə çox az adamın məlumatı var.
Çiçəklərin böyük məna, əhəmiyyət kəsb etməsi onların məşhurluğundan irəli gəlir. Belə olan halda, əsas güc qızılgülün üzərinə düşür. Müasir dövrdə asanlıqla mənasını anladığımız yeganə gül məhz qızılgüldür. Qızılgüllər insanın yetişdirdiyi güllər arasında ən qədimidir. Qızılgül qalıqlarının tarixi 35 milyon il əvvələ təsadüf edir. İndi dünyanın hər yerində milyonlarla qızılgüllərə rast gəlmək mümkündür. Mənşəyinin hardan başlandığından asılı olmayaraq, bu gül gözəllik və məhəbbətin ən məşhur simvollarından sayılır.
Digər çiçəklər vasitəsilə də xoş sözlər demək, öz hisslərini ifadə etmək mümkündür. Bu güllərdən bəziləri qızılgülün ifadə etdiyi anlamları verə bilər. Müasir dövrdə daha çox hədiyyə kimi təqdim edilən bir neçə çiçəyin adını çəkmək olar.
Gül bağışlamaq ənənəsi həmişə nəzakət və romantika göstəricisi hesab edilir. Gülləri hədiyyə edərkən hamının qəbul etdiyi bəzi qaydaları nəzərə almaq lazımdır. Məsələn, xanımlara cüt sayda gülün bağışlanması yolverilməz sayılır. Bu mənada güllərin rəngi də böyük əhəmiyyət kəsb edir. Unutmayın ki, siz çiçəklərin mənasını bildiyiniz halda, tərəf-müqabiliniz bundan xəbərsiz ola bilər. İndi güllərin mənasını bilənlərin sayı çox az olduğu üçün onlara əhəmiyyət vermək lazım deyil. Odur ki, zövqünüzə və hisslərinizə etibar edərək çiçək hədiyyə etsəniz, daha xoş təsir bağışlamış olarsınız.

Digər xəbərlər