“Bir ailə” filmi bərpa olunub
Dövlət Film Fondunun arxivi daha da zənginləşir. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin "Səs" qəzetinə verdiyi məlumata əsasən, 1954-cü ildə istehsal olunan ilk rəngli filmlərdən biri "Doğma xalqımıza" bərpa olunaraq Azərbaycan Dövlət Film Fonduna təqdim edilib. Filmi Rusiya Dövlət Film Fondu bərpa edib.
"Doğma xalqımıza" filminin rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi Həsən Seyidbəyli, baş operatoru isə Əlisəttar Atakişiyevdir. Bir saat həcmində olan filmdə görkəmli müğənnilər Rəşid Behbudov, Bülbül, məşhur rəqqaslar Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova çəkilib. Filmdə görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli və Soltan Hacıbəyovun əsərləri ifa olunub.
Bütün bunlarla yanaşı filmdə "Koroğlu", "Nərgiz" operalarından, "Yeddi gözəl", "Qız qalası", "Gülşən" baletlərinin fraqmentlərdən də istifadə olunub. Yaxın günlərdə daha bir rəngli film - "Bir ailə" filmi də bərpa olunaraq Film Fonda təqdim olunacaq.
Cəmil Quliyev onu da bildirdi ki, Muzey Mərkəzində Azərbaycanın xalq rəssamı, uzun illər Azərbaycan kinosunda çalışmış kino rəssamı Məmməd Hüseynovun anadan olmasının 80 illik yubileyi ilə əlaqədar xatirə gecəsi keçiriləcək. Martın 11-də təşkil olunacaq tədbir Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutacaq. Məmməd Hüseynov Azərbaycanın bir çox məşhur bədii filmlərinin quruluşçu rəssamı olmuşdur. Onun "Ögey ana", "Bizim Cəbiş müəllim", "Nəsimi", "Böyük dayaq", "Əhməd haradadır?", "Asif, Vasif, Ağasif", "O qızı tapın", "Sehrli xalat", "Səhər", "Bizim küçə", "Kölgələr" və bu kimi filmləri Azərbaycan kino sənətində mühüm yer tutur.
Tədbir çərçivəsinə Muzey Mərkəzinin foyesində kino rəssamının həyat və yaradıcılığını əks etdirən fotosərgi də təşkil olunacaq. Mərhum rəssamın yubiley tədbirləri çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının sərgi qalereyerasında Məmməd Hüseynovun rəsm əsərlərindən ibarət sərginin keçirilməsi də nəzərdə tutulub.