PDF Oxu

Mədəniyyət

  • 4

“Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” Azərbaycanı bütün dünyada tanıdacaq

“Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” Azərbaycanı bütün dünyada tanıdacaq
Dünən M.F.Axundov adına Milli Kitabxanada "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin başlanması münasibətilə mətbuat konfransı keçirildi. Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını bu münasibətlə təbrik etdi. O bildirdi ki, "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılış mərasimi Azərbaycanı bütün dünyada bir daha tanıdacaqdır. Qeyd edim ki, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın 21-23-də Liviyanın Tripoli şəhərində "İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması" mövzusunda keçirilmiş V konfransının qərarı ilə Bakı şəhəri 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilmişdir. "İslam mədəniyyəti paytaxtları" proqramını təsdiq edən qətnamə İSESKO-nun təklifi ilə həmin ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III konfransda qəbul edilmişdir. Bu sənədə əsasən, islam mədəniyyətinin paytaxtı İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin şəhərləri arasından seçilməlidir. Elə həmin vaxt qəbul edilmiş qərara görə, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk islam mədəniyyəti paytaxtı elan edilmişdi. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər islam mədəniyyəti paytaxtları olmalıdır. Nazir vurğulamışdır ki, bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm islam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi münasibətilə seçilməlidir. Bundan əlavə, islam mədəniyyətinin paytaxtı seçilməyə namizəd şəhərin elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi-mədəni tədbirlər təşkil edən təsisatları olmalıdır. Azərbaycanın paytaxtı Bakı öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verdiyindən islam mədəniyyətinin növbəti paytaxtı elan edilmişdir . Əbülfəs Qarayev konfrans zamanı bildirdi ki, "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılış mərasimi fevralın 18-də Heydər Əliyev Sarayında olacaqdır. Tədbirə Avropa və islam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və digər şəxslər qatılacaqlar. İki gün davam edəcək mərasim çərçivəsində Azərbaycana həsr olunmuş sənədli filmlərin nümayişi, "Qədim Bakı" kitabının təqdimatı, Azərbaycan Dövlət Rəqs Ansamblının, incəsənət ustalarının iştirakı ilə konsert proqramlarının və atəşfəşanlığın təşkili nəzərdə tutulmuşdur. "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" internet saytının açılışı isə bu möhtəşəm tədbirin bütün dünyaya çatdırılmasına xidmət edəcək. Tədbirdə mədəniyyət və turizm naziri vurğuladı ki, fevralın 18-dən 22-dək paytaxtda fəaliyyət göstərən bütün muzeylər, qoruqlar, mədəniyyət ocaqları pulsuz xidmət göstərəcək. Ümumilikdə isə ilə ərzində yüzlərlə tədbirin keçirilməsi planlaşdırılır. Cari ildə Azərbaycanda doqquz ölkənin mədəniyyət günləri keçiriləcəkdir. Eləcə də dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı layihələrin həyata keçirilməsi planlaşdırılır. Tədbirdə Azərbaycanın turizm sahəsindəki uğurlarından, cari ildə əsaslı təmirdən sonra istifadəyə veriləcək mədəniyyət ocaqlarından geniş söhbət açıldı. Tədbirin sonunda Əbülfəs Qarayev jurnalistləri maraqlandıran sualları cavablandırdı.

Digər xəbərlər