Uşaq İlinə həsr olunmuş I Milli Uşaq Kitabı Sərgisi
Fevralın14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası "SOS" Uşaq Kəndində 2009-cu il - Uşaq İlinə həsr olunmuş I Milli Uşaq Kitabı Sərgisi keçirmişdir.
Bu məqsədlə "SOS" Uşaq Kəndindəki uşaq bağçasının böyük zalında "Beşik" nəşriyyatından uşaqlara ərməğan", "Güvəncin nağılları", " Mən və mənim dünyam", "Göydən yüz alma düşdü", "Dilimiz - ruhumuz, mənəvi dünyamız", "Biri var idi, biri yox idi...", "Milli dəyərlərimizi qoruyaq", "Muğam dünyasına səyahət", "Gözlə bizi, Qarabağ!", "Vətən mənə oğul desə, nə dərdim" və s. mövzularda kitab, rəsm və əl işləri sərgiləri təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Firuzə Quliyeva açaraq tədbirin mahiyyəti və onun əhəmiyyəti haqqında məlumat vermişdir.
Sonra söz Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun məsləhətçisi Samir Abbasova verilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il "Uşaq ili" elan olunması ilə əlaqədar imzaladığı Sərəncam və bu Sərəncamdan irəli gələn məsələlər haqqında danışmışdır. O, bu cür tədbirlərin uşaqların elmə, biliyə, mütaliəyə həvəsləndirdiyini və balaca istedadların seçilməsində xüsusi əhəmiyyəti olduğunu qeyd etmişdir.
Tədbirdə uşaq yazıçıları Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Gülzar İbrahimova çıxış etmişlər. Sərgidə "SOS" Uşaq Kəndinin özfəaliyyət kollektivi maraqlı proqramla çıxış etmişlər.
I Milli Uşaq Kitabı Sərgisində "Mənim nağıllı dünyam" adlı rəsm və əl işlərinin müsabiqəsi üzrə qaliblər elan olunmuş və onlara kitabxananın hədiyyələri təqdim olunmuşdur.