PDF Oxu

Mədəniyyət

  • 7

Cəlil Məmmədquluzadənin 140 illik yubileyi qeyd olundu

Cəlil Məmmədquluzadənin 140 illik yubileyi qeyd olundu
Muzeyin aparıcı elmi işçisi Yeganə Məmmədova məruzəsində Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında danışaraq, bildirdi ki, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadə bütün fəaliyyəti boyu xalqın milli təfəkkürünün oyanmasına və inkişafına çalışaraq yaratdığı ədəbi nümunələr vasitəsilə dövrünün ab-havasını ədəbiyyata gətirmişdir. Cəlil Məmmədquluzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində müxtəlif janrlarda yazdığı əsərlərlə xalqına xidmət etmişdir. Yeganə xanım özündən sonrakı ədəbi prosesə, eləcə də müasirlərimizin yaradıcılığına əhəmiyyətli dərəcədə müsbət təsiri olmuş Cəlil Məmmədquluzadənin Azərbaycan və dünya bədii fikri ənənələrindən, xalq yumorundan məharətlə bəhrələndiyini bildirdi. Sənətkarın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərq ölkələrinin ədəbiyyatlarına böyük təsir göstərmişdir. İstər mətbuatımızda, istərsə də əsərlərində bunu görmək mümkündür. Onun "Poçt qutusu", "İranda hürriyyət", "Qurbanəli bəy" və digər əsərlərində mövhumatçılıq, avamlıq kimi keyfiyyətlər tənqid olunmuşdur.
Cəlil Məmmədquluzadə Azərbaycan publisistikasında çox böyük nüfuza malik olan ziyalılar sırasındadır. Öz xalqının rifahının yüksəlməsi naminə çalışaraq, dövri mətbuatda əsərlər dərc etdirməyi vacib məsələlərdən biri olaraq qərarlaşdırmış və "Şərqi-rus" qəzetində "Poçt qutusu" dərc olmuşdur. "Kaspi", "Tiflisski listok", "Vozrajdeniye" kimi liberal-burja qəzetlərində publisistik məqələləri ilə çıxış etmişdir. Cəlil Məmmədquluzadənin publisistik fəaliyyətinin ən əhəmiyyətlisi 1906-cı ildə dərc olunan "Molla Nəsrəddin" jurnalı olub. Mətbuatda Azərbaycan milli satirik janrının təməl daşı hesab olunan "Molla Nəsrəddin" Azərbaycanda və Yaxın Şərqdə ilk satirik jurnal kimi əks-səda doğurur. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan "Molla Nəsrəddin" jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formalaşmasına öz layiqli töhfəsini vermişdir. Sənətkarın əsərləri, publisistik məqalələri bu mətbu orqanın əsas səhifələrində yer almışdı. Demokratik fikirlərini, azadlıq ideyalarının təbliği ilə beynəlxalq aləmdə tanınan "Molla Nəsrəddin" jurnalı qısa bir zamanda Rusiya, Asiya, Avropa, Amerika kimi dövlətlərdə tanınır. Yeganə xanım Cəlil Məmmədquluzadə irsinin bu və ya digər cəhətlərini xarakterizə etdi.
Cəlil Məmmədquluzadə yaradıcılığının tədqiqatçısı, filologiya elməri namizədi Allahverdi Nehrəmli sənətkarın ədəbi irsi və fəaliyyəti haqqında danışıb, onun Azərbaycan ictimai həyatındakı roluna da diqqət ayırdı. Yazıçı Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından biri, "Maarif və mədəniyyət", "Yeni kənd", "Yeni yol" qəzetlərinin redaktoru olmuş və fəaliyyət dairəsi geniş bir çərçivəni əhatə etmişdir.
Cəlil Məmmədquluzadə mütəfəkkir kimi daim diqqət mərkəzində olmuş bu və ya digər fəaliyyəti ilə yanaşı, yeni tipli təhsil ocaqlarının açılmasına da diqqət ayırmışdır. Onun əsrlərində demokratik ruh daha qabarıqdır. Zamanın çox böyük aktual məsələlərinə toxunan Cəlil Məmmədquluzadə "Bəlkə də qaytardılar", "Proletar şair" kimi əsərlərində aktual məsələlərə toxunmuşdur. Novatorçuluq ideyaları ilə çıxış edən yazıçının yaradıcılığı, zənginliyi və orijinallığı ilə diqqət mərkəzində olmuş, onun ədəbi nümunələri böyük tənqidçilərin müzakirəsinə səbəb olmuşdur.
Yubiley tədbirində "Ədəbiyyat qəzeti"nin əməkdaşı Atababa İsmayıloğlu və başqaları çıxış edərək qüdrətli qələm sahibinin zəngin irsinin bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindən olduğunu diqqətə çatdırdılar.
Çıxışlar sona yetdikdən sonra məktəblilərin ifasında yazıçının əsərlərindən ibarət ədəbi-bədii kompozisiya göstərildi.

Digər xəbərlər