PDF Oxu

Mədəniyyət

  • 6

“Azərbaycanda turizmin inkişafı və perspektivləri”

“Azərbaycanda turizmin inkişafı və perspektivləri”

(Əvvəli ötən sayımızda)

"Səs" qəzetinin əməkdaşı:

- "Səs" qəzetinin dəyimi masasının bugünkü mövzusu da çox aktual bir məsələyə həsr olunub. Məlum olduğu kimi, bu günə qədər ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmişdir. Dövlət tərəfinidən hüquqi-normativ aktlar qəbul edilmişdir. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuş, respublikamıza gələn turistlərin sayı artmışdır. Prezident İlham  Əliyevin  "Azərbaycan Respublikası regionlarının-sosial-iqtisadi inkişafı Dövlət Proqramı"  Sərəncamına əsasən sahibkarlığın inkişafı üçün müvafiq kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülmüşdür. Eyni zamanda, "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlanmışdır. Bu hüquqi sənədlər ölkəmizdə turizmin inkişafına müsbət təsirini göstərmişdir. Bildiyimiz kimi, Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit bir şərait yaradılmışdır. Bu mənada turizmin inkişafında sahibkarlığın rolunu qeyd etməliyik. Bu istiqamətdə diqqət cəlb edə biləcək işlər görülüb və sahibkarların bu sahəyə ayırdıqları vəsait Azərbaycan və xarici vətəndaşların ölkəmizin müxtəlif guşələrində istirahətinin təmin olunmasına təkan verir. Təbii ki, biz inkişafdan söz açırıqsa, bunların arxasında müəyyən qədər problemlər, çətinliklər də mövcuddur. Azərbaycanda mövcud olan bazanın təqdimatı bu sferada görülən işlərin effektindən asılıdır. Azərbaycanın elə guşələri var ki, onları Avropanın bəzi zonaları ilə belə müqayisə etmək mümkündür. Bu və ya digər məsələlərə aydınlıq gətirmək və bir mütəxəssis olaraq sizin fikirlərinizi öyrənmək maraqlı olardı.

DÜNYADA MALİYYƏ BÖHRANI BİZNES TURİZMİ İLƏ GƏLƏNLƏRİN SAYINA TƏSİR GÖSTƏRƏCƏK

Cabir Dövlətzadə:

- Konkret olaraq deyim ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu və Qoruq İdarəsi ilə əməkdaşlıq prinsipləri əsasında iş prinsiplərimizi qururuq. Mədəniyət və Turizm Nazirliyinin dəstəyi ilə ötən il otellər sertifkatlaşdırıldı. Müasir dövrümüzdə bizim üçün çox böyük əhəmiyyət kəsb edən məsələlərdən biri Azərbaycan Turizm İnstitutu tərəfindən mütəxəssislərin hazırlanmasıdır. Bu mənada ki, onların bizə göndərdikləri mütəxəssislərlə quracağımız iş turizmin inkişafında mühüm rol oynayacaq. Bununla əlaqədar olaraq müəyyən çatışmazlıqlarla qarşılaşırıq. Təcrübəm əsasında deyərdim ki, Azərbaycanda otelçilik sektorunda tam təkmilləşmə yoxdur. Təbii ki, buna səbəb Azərbaycanda turizm sektorunun yeni olmasıdır. Onun yolu Turizm və Mədəniyyət Nazirliyindən keçir. Nazirlik xarici dövlətlərdə səfərlər, sərgilər təşkil edir və həmin tədbirlərdə iştirakımız dünya praktikasından öyrənməyə imkan verir. Eyni zamanda, bu səpkidə tədbirlər Azərbaycanda təşkil olunur. Bu günlərdə Azərbaycan ilə Yunanıstan Respublikası arasında "Qonaqpərvərlik və Turizm Sənayeləri üzrə yeni meyillər" mövzusunda seminar keçirildi. Belə məzmunda olan tədbirlər böyük əhəmiyyət daşıyır. Onu da qeyd edək ki, bu sahə üzrə biz tam şəkildə professionallığı mənimsəyə bilmirik. Bu da kadrların çatışmazlığı ilə əlaqədardır. Xarici müştərilər qəbul edərkən, onlara edilən servis Avropa səviyyəsində olmalıdır. Onu da vurğulayaq ki, Azərbaycan Turizm İnstitutu yeni yaradıldığından biz hələ istədiyimiz mütəxəssisi iki ildən sonra qəbul edəcəyik. Artıq iki ildən sonra Azərbaycanda turizm səviyyəsi bu günümüzlə müqayisədə çox fərqli bir şəkildə olacaq. Nazirliyin nümayəndəsinin bizə təqdim etdiyi rəsmi rəqəmlər deyərdim ki, biznes turizminə əsaslanır. Bu turistlərin  əsasını işgüzar səfərlərlə Azərbaycana gələnlər təşkil edir. Daha çox neft sektoru, beynəlxalq şirkətlər üzrə buna təsadüf olunur. Təbii ki, biz işimizi başqa bir şəkildə qurmalıyıq. Qeyd olunan proses Azərbaycanda turizm təşkilatları tərəfindən  təkmil şəklində həyata keçirilməlidir. Otellər, sadəcə olaraq, gələn turistləri yerləşdirmə işi ilə məşğul olurlar. Bəzi hallarda biz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də gələn qonaqları qəbul edirik. Kütləvi turizmlə bağlı ölkəmizə gələnlərin faizinin artması, ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyinin və Turizm İnstitutunun birgə fəaliyyətindən asılıdır. Bu da otellərin daha yüksək bir şəkildə olmasına gətirib çıxaracaq. Digər tərəfdən isə otel biznesinin inkişafına səbəb olacaq. Hazırda dünyada maliyyə böhran biznes turizmi ilə gələnlərin sayına öz təsirini göstərəcək. Şübhəsiz ki, bu ümumi gəlirə təsir edəcək. Bunun üçün turizm agentliklərinin kollektiv işinin yüksəlməsi vacib şərtlərdəndir. Turizm şirkətlərinin bazarlarında çox nadir hallarda aktivliyə təsadüf oluna bilər. Bu gün daxili turizmin inkişaf etdirmək əsas məsələlərdəndir. Çünki daxili turizm inkişaf edərsə, Azərbaycanın milli gəlirinə müsbət təsir göstərə bilər. Türkiyəyə ötən il gələn turist sayı təxminən 18 milyona yaxın idi. Amma Azərbaycana gələn turistlərin sayının onlarla müqayisədə çox böyük fərqi olmasına baxmayaraq, ötən il Mədəniyyət və Turizm Nazirliyinin İTK ilə bərabər təşkil etdiyi tədbir çox böyük əhəmiyyətə kəsb etdi. Bu otel kadrlarının hazırlanmasına və professionallaşmasına təsir edir. Bizim üçün isə daha böyük əhəmiyyət kəsb edən kütləvi turizmin Azərbaycanda canlandırılmasıdır. İnanıram ki, bu nazirliyin ən ümdə məsələlərindən biri kimi qarşıda dayanır.

GƏLMƏ TURİZMİ İNKİŞAF ETDİRİLSƏ VALYUTANIN, DÖVLƏT BÜDCƏSİNİN HƏCMİNİN ARTMASINA SƏBƏB OLAR

Rəhman Oruclu:

- Nəzərinizə çatdırım ki, Ümumdünya Turizm Təşkilatının müəyyənləşdirdiyi bir neçə turizm mövcuddur. Onlardan biri biznes turizmidir. Tamamilə doğru bir faktdır ki, Azərbaycana biznes turizmi ilə gələnlərin sayı çoxluq təşkil edir. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi olaraq deyərdim ki, turizm şirkətləri autkoink, yəni Azərbaycandan getmək turizminə daha çox üstünlük verirlər. Bazar iqtisadiyyatında yaşadığımız üçün şirkətlərin getmə və gəlmə turizmindən asılı olmayaraq gəlir gətirməsi önəmli məsələdir. Vətənpərvər şirkətlər ola bilər ki, gəlmə turizminə daha çox üstünlük versinlər. Amma birmənalı şəkildə deyirəm ki, bu sahədə dövlət siyasətini həyata keçirən orqan olaraq Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqaməti ondan ibarətdir ki, gəlmə turizmini inkişaf etdirsək, bu da Azərbaycana cəlb olunan valyutanın, dövlət büdcəsinin həcminin artmasına səbəb olar. Otellərin sayının nə qədər olması məsələsinə gəlincə isə deyim ki, ciddi şəkildə artım hiss olunur. 2007-ci ildə 320 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərirdisə, 2008-ci ildə 337 obyekt fəaliyyətdədir. Göründüyü kimi, bu artım onu göstərir ki, bu obyektlərə tələbat vardır. Əks halda buna heç kim vəsait sərf etməz. Qeyd edim ki, turist axınının olması üçün biz Azərbaycanda buna lazımi bir şəkildə şərait yaratmalıyıq. İnandırım sizi ki, mən Şəkiyə səfər edərkən orada Şəki Xan Sarayının qarşısında xarici vətəndaşların necə növbəyə dayandığının şahidi oldum. Çoxlu sayda xarici vətəndaş tarixi abidəni seyr etmək üçün buraya toplaşmışdılar. Eyni rayonda iki obyekti götürsək görərik ki, biri tam Avropa standartlarına uyğun bir şəkildə fəaliyyət göstərir digəri  obyekt isə çox aşağı bir səviyyədədir.

Qəzetin əməkdaşı:
- Otellərə ulduzların təqdim olunmasında qiymət səviyyəsi nəzərə alınırmı?

AZƏRBAYCANDA BEŞULDUZLU TƏSNİFAT SİSTEMİ FƏALİYYƏTDƏDİR

 Samir Balazadə:

- Biz bir mütəxəssis kimi bir çox monitorinqlər keçiririk. Hətta Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu yaxınlarda monitorinq təşkil etmişdik. Rayonlarda qeyd olunduğu kimi, çox dəbdəbəli və standartlara uyğun bir şəkildə otellərlə yanaşı, bərbad vəziyyətdə olan otellərə də təsadüf olunur. Otelçiliyin prinsiplərinə uyğun olmayan servislər, müştəri xidmətindən uzaq olan insanlar tərəfindən istifadə olunan obyektlərin şahidi oldum. Təəssüflər olsun ki, bunlar bu gün bazarda fəaliyyətdədirlər. Azərbaycan Respublikasının otel və otelçilik mexanizmi ölkədə işləyir. Nazirlik tərəfindən otellər təsdiq olunub. Beşulduzlu təsnifat sistemi fəaliyyətdədir. Bir mütəxəssis kimi deyərdim ki, bu təsnifat sistemində müəyyən boşluqlara təsadüf olunur. Təsnifatda çox gözəl kriteriyalar öz əksini tapıb. Otaqların sahəsi, çimərlik hovuzları və digər tələb olunan servislər öz əksini tapıb. Göstərilən xidmətlərin səviyyəsi haqqında, yəni qiymətlər haqqında təsnifat sistemində nəzərdə tutulmayıb. Üçulduzlu mehmanxana öz xidmətlərini beşulduzlu mehmanxana səviyyəsində sata bilir. Düşünürəm ki, bunu bir qədər dəqiqləşdirmək lazımdır. Ulduzların hansı mexanizmdə öz iş prinsipini qurması bizdə tərtib olunub. Amma Azərbaycanda otelə verilən ulduz servisə  uyğun olmadıqda, yəni xidmət səviyyəsi aşağı saldıqda, hansısa kriteriyaya uyğun olmadıqda, onun hər hansı bir ulduzunun geri alınması mexanizmi mövcud deyil. Bu, Amerikada, Türkiyədə, Avropa Şurasına üzv olan dövlətlərdə və turizmin inkişaf etdiyi digər dövlətlərdə mövcuddur. Bu, dövlətin bu sahəyə  təsir mexanizmidir. Bu təsir mexanizminin arxasında səviyyə, xidmət səviyyəsi dayanır. Bu məsələyə qanun prizması ilə yanaşılmalıdır. Sözsüz ki, bunun hüquqi cəhətdən tənzimlənməsi Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətindədir.

AZƏRBAYCANA TURİST AXINI ÜÇÜN MÜNBİT ŞƏRAİT VAR

Əhməd Panayev:

- Bizim fəaliyətdə olan assosiasiya iki il bundan əvvəl yaranmış təşkilatdır. Onu deyim ki, otellərdə müəyyən nöqsanlar özünü göstərir. Burada qeyd olundu ki, Azərbaycana gələn turistlərin sayı azdır. Azərbaycandan gedən turistlərin sayı isə çoxluq təşkil edir. Bunun da, təbii ki, müəyyən səbəbləri vardır. Azərbaycana turistlərin gəlməsi üçün münbit bir şərait vardır. Buraya gələn və gedən turistlərin arasındakı fərqi müəyyənləşdirmək üçün bir qədər maliyyə məsələsinə diqqət yetirək. Azərbaycandan Rusiyaya turistin getməsi orta hesabla 200 ABŞ dollarına başa gəlir. Amma Rusiyadan Azərbaycana gələn turist isə təxminən 500 ABŞ dolları sərf edir. Burada müxtəlif səbəblər vardır. Həm aviabiletlərin qiyməti, həm xidmət qiyməti təsirini göstərir. Ona görə də, mənim təcrübəm əsasında gəldiyim nəticə belədir ki, Azərbaycana gələn turistlərin sayı azlıq təşkil edir. İstər dəmir yolu, istərsə də hava yolu ilə Azərbaycana gəlmək çox yüksək məbləğə başa gəlir. Məsələnin əsas tərəfi bax, bundadır.

QİYMƏTİN YÜKSƏK OLMASI AZƏRBAYCANA TURİST AXINININ QARŞISINI ALIR

Cabir Dövlətzadə:

- Nəzərinizə çatdırım ki, bizim latviyalı bir mütəxəssislə görüşümüz oldu. O, bizə bildirdi ki, Azərbaycana Latviyadan müştəri gətirmək istəyirik. Ancaq Azərbaycanda rüsumun çox yüksək olması bunun qarşısını alan ilkin səbəb oldu. Qiymətin belə yüksək bir şəkildə olması Azərbaycana axının qarşısını alır. Keçmiş postsovet ölkələri ilə əlaqədar bəzi məsələlər yüksək səviyyədə həll olunmalıdır. Pribaltika respublikalarının bizə marağı daha yüksəkdir. Onların turist axınını təşkil etmək marağımızdadır. Biz Rusiya və Ukraynadan daha çox turist qəbul ediriksə, nəyə görə Latviya, Litva və Estoniyadan qəbul etməyək.
(Ardı var)

Digər xəbərlər