PDF Oxu

Mədəniyyət

  • 13

“Azərbaycanda turizmin inkişafı və perspektivləri”

“Azərbaycanda turizmin inkişafı və perspektivləri”

AZƏRBAYCANIN ELƏ GUŞƏLƏRİ VAR Kİ, ONLARI AVROPANIN BƏZİ ZONALARI İLƏ BELƏ MÜQAYİSƏ ETMƏK MÜMKÜNDÜR
 
"Səs" qəzetinin əməkdaşı:
- "Səs" qəzetinin dəyimi masasının bugünkü mövzusu da çox aktual bir məsələyə həsr olunub. Məlum olduğu kimi, bu günə qədər ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmişdir. Dövlət tərəfinidən hüquqi-normativ aktlar qəbul edilmişdir. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuş, respublikamıza gələn turistlərin sayı artmışdır. Prezident İlham  Əliyevin  "Azərbaycan Respublikası regionlarının-sosial-iqtisadi inkişafı Dövlət Proqramı"  Sərəncamına əsasən sahibkarlığın inkişafı üçün müvafiq kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülmüşdür. Eyni zamanda, "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlanmışdır. Bu hüquqi sənədlər ölkəmizdə turizmin inkişafına müsbət təsirini göstərmişdir. Bildiyimiz kimi, Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit bir şərait yaradılmışdır. Bu mənada turizmin inkişafında sahibkarlığın rolunu qeyd etməliyik. Bu istiqamətdə diqqət cəlb edə biləcək işlər görülüb və sahibkarların bu sahəyə ayırdıqları vəsait Azərbaycan və xarici vətəndaşların ölkəmizin müxtəlif guşələrində istirahətinin təmin olunmasına təkan verir. Təbii ki, biz inkişafdan söz açırıqsa, bunların arxasında müəyyən qədər problemlər, çətinliklər də mövcuddur. Azərbaycanda mövcud olan bazanın təqdimatı bu sferada görülən işlərin effektindən asılıdır. Azərbaycanın elə guşələri var ki, onları Avropanın bəzi zonaları ilə belə müqayisə etmək mümkündür. Bu və ya digər məsələlərə aydınlıq gətirmək və bir mütəxəssis olaraq sizin fikirlərinizi öyrənmək maraqlı olardı.


MÜASİR DÖVRÜMÜZÜN APARICI TELEKANALLARINDA AZƏRBAYCANIN TURİZM POTENSİALI REKLAM ÇARXLARINDA NÜMAYİŞ ETDİRİLİR


Rəhman Oruclu:
- İlk olaraq belə bir mövzuya müraciət etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm və "Səs" qəzetinin müxtəlif mövzularda keçirdiyi dəyirmi masalar bizi çox sevindirir. Respublika ictimaiyyəti üçün bu, çox əhəmiyyətli məsələdir. Bugünkü dəyirmi masanı turizmə həsr etdiyiniz üçün bir daha minnətdarlığımı bildirirəm. Bildiyimiz kimi, turizm Azərbaycan iqtisadiyyatının önəmli sahələrindən biridir. Bir neçə ay bundan öncə, ölkə Prezidentinin keçirdiyi müşavirədə də turizmə göstərdiyi diqqət bunu bir daha sübut edir ki, turizmin inkişafı hər ölkə üçün aktual məsələlərdən biridir. Bir çox ölkələrin milli gəlirlərinin, dövlət büdcəsinin əsasını turizmdən gələn gəlir təşkil edir. Biz dövlət orqanı Mədəniyyət və Turizm Nazirliyi olaraq, Prezidentin nazirliyin qarşısında qoyduğu tələblərə uyğun olaraq Azərbaycanda turizm sahəsinin inkişafına çalışırıq. Təbii ki, bu, qısa bir zamanın, bir-iki ilin işi deyil. Bu işin bazası mükəmməl bir şəkildə qoyulmalıdır ki, gələcəkdə istədiklərimizə nail ola bilək. Turizmin inkişafı ilə bağlı bir çox normativ texniki sənədlər mövcuddur. Həm Prezidentimizin imzaladığı sərəncamlar, həm Nazirlər Kabinetinin qərarları, həm də Mədəniyyət və Turizm Nazirliyinin daxilində olan normativ aktlar. Təbii ki, bunların hər biri çox yüksək qiymətləndirilir. Amma burada insan amili də müəyyən rol oynayır. Bu məsələdə turizmi inkişaf etdirmək üçün nəinki rəsmi sənədlər, eləcə də, qeyd etdiyim kimi, insan amili rol oynayır ki, bu baxımdan müəyyən problemlər meydana çıxır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm özəl sektora, həm Azərbaycan Turizm İnstitutuna kadrların hazırlanmasında müəyyən köməkliklər edirik. Turizm İnstitutunun açılması Azərbaycanda çox əhəmiyyətli hadisələrdən birinə çevrilib. Təbii ki, bu institutun hazırladığı mütəxəssislərinin əmək təcrübəsini bir neçə ildən sonra görə biləcəyik.
Turizmin əsasını yay turizmi təşkil edir. Yay turizmindən əvvəl bizim əməkdaşlarımız Azərbaycanın  regionlarına ezam olunur. Qısa olaraq, onu da qeyd edim ki, nazirliyin apardığı danışıqlar nəticəsində xarici dövlətlər, o cümlədən, Yunanıstanla, Türkiyə ilə tam ödənişsiz olaraq yüksək ixtisaslı mütəxəssislər dəvət olunur. Turizm sahəsində çalışan şəxslərə treyninqlər keçirilir və onlar kurslara cəlb olunurlar. Avropa standartları Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən turizm obyektlərində, mehmanxanalarında, istirahət mərkəzlərində, turizm şirkətlərində tətbiq edilir. Nəticə olaraq statistik məlumatları nəzərinizə çatdırmaq istərdim. 2002-ci ildən bu günə qədər qədər olan məlumatları hesablayaraq ümumiləşdirmişik. Təkcə son illəri qeyd etmək istərdim. Qeyd edim ki, bu, Dövlət Sərhəd Xidmətinin bizə verdiyi rəsmi məlumatdır. 2007-ci ildə Azərbaycana 1.332701 nəfər xarici vətəndaş gəlmişdir ki, onlardan da 1010792-si sırf turistdir.  2007-ci ilə qədər olan artım həm xarici vətəndaşların, həm də turistlərin 10-12 faizini təşkil edir. 2008-ci ildə isə 1898939 nəfər xarici vətəndaş Azərbaycana gəlmişdir. Bunlardan 1408988-ni turistlər təşkil edir. Bu statistik rəqəmələrin müqayisəsində görünür ki, xarici vətəndaşların sayı 566238 nəfərdir. Bu artım statistik rəqəmlərdə özünü göstərir. Azərbaycan bu gün təkcə neft ölkəsi kimi deyil, güclü potensiala malik olan turizm dövləti kimi tanınır. Bu sahədə görüləcək işlərimiz davam etməkdədir. Azərbaycan turizmini inkişaf etdirmək üçün müxtəlif istiqamətlərdə işlər görürülür. Müasir dövrümüzün aparıcı telekanallarında Azərbaycanın turizm potensialının reklam çarxlarında nümayiş etdirilməsi, o cümlədən, dünyanın ən aparıcı dövlətlərində təşkil olunmuş beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı bizə deməyə əsas verir ki, ölkəmizin turizmin lazımi səviyyədə təbliğ olunur. Onu da qeyd edim ki, ümumdünya turizm təşkilatının dəstəyi ilə keçirilən beynəlxalq konfrans, simpozium və digər tədbirlərdə Azərbaycanın iştirakı turizm sahəsinin inkişaf etdirilməsi üçün dəyərli məlumatların əldə olunmasına, eləcə də, onların təcrübəsindən bəhrələnməyə əsas verir. Nazirliyin dəstəyi ilə müxtəlif agetliklərin, kütləvi informasiya vasitələrinin  Azərbaycanın turizm potensialını əks etdirən nümunələrin nümayiş etdirməsi turizm sektorunun inkişafına təkan verir. Azərbaycana dəvət olunan xarici şirkət nümayəndələrinin regionlarda nazirliyin hesabına gəzintiləri təşkil olunur və onların Azərbaycanın səfalı guşələrini görməsini, kamera ilə lentə almasını təmin edirik ki, xarici dövlətlərdə bunlar reklam olunsun və turist şirkətlərinin Azərbaycana turistlər göndərilməsi təmin edilsin. Təbii ki, bu, təkcə bizdən asılı deyil. Regionlarımızda olan turizm obyektlərinə mütəmadi olaraq səfər edirik. Son illərdə Avropa standartlarına uyğun olan bir neçə turizm şirkətləri, otellər, mehmanxanalar, istirahət mərkəzləri tikilmişdir. Bununla kifayətlənmək olmaz. Bu oybektlərə diqqət yetirsək, hələ də müəyyən çatışmazlıqlar özünü göstərir. Yay turizmindən əvvəl rayonlara ezam oluruq, müxtəlif tövsiyələrimizi veririk ki, sivil bir şəkildə bu müəssisələrin qurulmasına nail olaq. Mən düşünürəm ki, burada təkcə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, eləcə də, Azərbaycan kulinariya mərkəzinin əməkdaşları, Azərbaycan Otelçilər Assosiasiyasının nümayəndələri və bir neçə turizm şirkətlərinin nümayəndələri öz tövsiyələrini verib, müəyyən təkliflər irəli sürməlidirlər. Turizm sahəsində müəyyən uğurlarımız var. Amma bu proses bir qədər ləng gedir. Bu da bizim həmin sahənin obyektlərinin sahiblərindən, burada çalışan işçilərdən asılıdır.

Qəzetin əməkdaşı:
- Qeyd edim ki, bizim turizm sahəsinin inkişafı ilə bağlı mövcud problem və təkliflərimizin həyata keçirilməsində bələdçilərin də rolu vardır. Müəyyən qədər təcrübəyə malik olan mütəxəssislərə bu sahədə irəliləyişlər etmək üçün ehtiyac duyulur.
 
İQTİSADİYYATIMIZ İNKİŞAF ETDİKCƏ TURİZM İNKİŞAF MƏRHƏLƏSİNƏ QƏDƏM QOYACAQ


 Cəmilə Əliyeva:
- Şirvanşahlar Muzeyinin əməkdaşı olaraq, deyərdim ki, bu sahədə heç bir problemimiz yoxdur. Muzeyimizdə ingilis, rus, türk dillərini bilən bələdçilərimiz çalışır. İqtisadiyyatımız inkişaf etdikcə, turizm inkişaf mərhələsinə qədəm qoyacaqdır. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, bir çox sahələrdə olduğu kimi, turizmdə olan nailiyyətlər göz önündədir. Bir məsələni də qeyd edim ki, dünyada gedən maliyyə böhranı ilə əlaqədar olaraq, turizm axını bir qədər ləngiyibdir. Bizim muzeyə, əsasən, xarici dövlət vətəndaşları daha çox gəlir. Xarici tamaşaçıları ötən illərlə müqayisə etsək, görərik ki, inkişaf  nəzərə çarpacaq dərəcədə özünü büruzə verir. 2007-ci ildə 121 min xarici tamaşaçı muzeyimizdə olmuşdusa, 2008-ci ildə bu rəqəm 50 faizə enmişdir. Göründüyü kimi, bu da maliyyə böhranı ilə əlaqədar olan bir amildir. İnsanların maddi durumu xarici dövlətlərə səfər etməyə imkan vermir. 2005-2006-cı illərdə isə, turist axını nəzərə çarpacaq dərəcədə yüksək olmuşdur. Güclü turist axınının səbəbi reklam, saytların yaranması ilə bağlıdır. Muzeylərin saytlarda yerləşdirilməsi turist axınını gücləndirir. Nəzəri cəhətdən öyrəndiyimiz bilikləri və yenilikləri təcrübəmizdə həyata keçirməyi bacarmalıyıq. Yerlərdə kurortların yaradılması xarici turistlərin Azərbaycana axınına xüsusi təkan verir. Əhali arasında təbliğatı gücləndirmək lazımdır ki, yerli sakinlər də istifadəyə verilmiş istirahət zonalarına üz tutsunlar. Təbiətin gözəlliyinə və ekoloji baxımdan təmizliyə görə, Azərbaycanın bir çox zonaları xarici dövlətlərin istirahət zonalarından heç də geri qalmır. 

Qəzetin əməkdaşı:
- Bildiyimiz kimi, Azərbaycanın regionlarında pərakəndə halda turist mərkəzləri yaradılır. Nizam-intizama riayət olunması bu mərkəzlərdən lazımi səviyyədə istifadə olunmamasına gətirib çıxarır. Bu hal müəyyən maliyyə vəsaitinin əldə olunmasına zəmin yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu cür neqativ hallara qarşı necə mübarizə aparır?



RESPUBLİKA ƏRAZİSİNDƏ 8 MİLLİ PARK YARADILIB



Göyçə Musayev:
- Qeyd etdiyimiz sahədə bir çox işlər görülüb və davam etdirilməkdədir. Respublika ərazisində 8 milli park yaradılıb. Bunlardan sonuncusu və ən böyüyü Şaxta Milli Parkıdır. Bu parkda hələ ekoturizmin inkişafı istiqamətində işlər gedir. Bir çox milli parklarda ekoturizm mərkəzləri yaradılıb və fəaliyyətdədirlər. 2008-ci ildə ümumi parklar üzrə 500 xarici vətəndaş, 337 yerli vətəndaş və bir çox imtiyazlı şəxslər milli parklara qəbul olunublar.  Milli parklarda turistlər biletlə hərəkət edir, biletin qiyməti yerli vətəndaşlar üçün 2 manat, xarici vətəndaşlar üçün 4 manat müəyyənləşdirilib. İlk olaraq ekoturizmin inkişafı Şirvan Milli Parkında başlanıb. Burada, demək olar ki, xarici vətəndaş marşrutlar üzrə hərəkət edir. Marşrutların tənzimlənməsinə xüsusi diqqət yetirilir. Marşrutla gedən turist ölkənin təbiətini, tarixini seyr etmək imkanına malik olur. Milli parklarda turizmlə bağlı gələcək planlarımızda həmin marşrutla müəyyən şirkətlərlə müqavilə bağlayıb, orada  otellərin yaşayış obyektlərinin tikilməsi vardır. Müzakirədə qeyd olundu ki, 2007-ci ildə müqayisədə 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı azalmışdır, amma mən deyərdim ki, 2008-ci ildən turistlərin sayı artmışdır. Bələdçi məsələsinə gəldikdə isə, onu da vurğulayım ki, yerli əhalidən bələdçinin müəyyənləşdirilməsi daha əhəmiyyətlidir. Amma bəzi bələdçilərin xarici dili bilməməsi müəyyən problemlər yaradır.

Qəzetin əməkdaşı:
- Turizm sahəsinin inkişafında mütəxəssislərə ehtiyac vardır. Turizm İnstitutunda məhz bu sahənin mütəxəssisləri yetişməkdədir.  Onların kifayət qədər biliklərə yiyələnməsi institutun üzərinə böyük məsuliyyət qoyur. Bax, bu istiqamətdə hansı işlər görülür?


AVROPANIN TURİZM ŞİRKƏTLƏRİ İLƏ RƏQABƏT EDƏ BİLƏCƏK MÜƏSSİSƏLƏRİMİZ VAR


Sənan Əliyev:
- Biz hələ inkişaf etməmiş, gəliri olmayan bir sahəyə xidmət etməyi qarşımıza məqsəd qoymuşuq. Bu, danılmaz bir faktdır ki, hansısa bir müəssisə, şirkətin varlığı intellektual sərmayədir ki, bunu da təşkil edən insandır. Düşünən beyinlər olmasa, hər hansı bir sahəni inkişaf etdirmək qeyri-realdır. 2006-cı ildə Azərbaycanda Turizm İnstitutu təsis edildi və kövrək addımlarını atmağa başladı. Qısa bir müddətdə - üç il ərzində  çox böyük nailiyyətlər əldə edib, Azərbaycan təhsil sistemində öz varlığımızı sübut edə bilmişik. Ötən il reytinqimiz Azərbaycanda ali təhsil müəssisələri sırasında 7-ci yerdə idi. Mən müzakirədə qeyd olunan bir fikrə diqqəti yönəltmək istərdim ki, bu da, dil məsələsi ilə bağlıdır.  Dil bilmək şərt deyil. Xarici Dillər  Universitetində dili mükəmməl bilən mütəxəssislər hazırlanır. Amma həmin mütəxəssisin muzey anlayışı, tarixi abidə anlayışı nə dərəcədə olacaq, bu, mübahisə doğuran bir məsələdir. Bu problemi həll etmək üçün turizm sektoruna müraciət ediləcəkdir. Bizim təhsil ocağında muzeyşünaslıq, diyarşünaslıq təhsili olan mütəxəssislərlə yanaşı, dili mükəmməl bilən bələdçilər hazırlayırıq. Turizm İnstitutu  Avstriyanın Krens Universiteti ilə iş birliyi qurmuşdur. Bizim ilk məzunumuz 2010-cu ildə olacaq. Avropanın turizm şirkətləri ilə rəqabət edə biləcək müəssisələrimiz vardır. Biz dünya dövlətlərinə öz gənclərimizi təhsil almağa göndəririk ki, onların təcrübəsindən istifadə edə bilək.

(Ardı var)

Digər xəbərlər