Yeni kitab dəsti İncəsənət Muzeyinin kitabxanasına təqdim edilib
Muzey kitabxanası bu günlərdə Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş yeni kitablarla daha da zənginləşmişdir. Yeni nəşrlərin hər biri mövzu baxımından geniş və əhatəli olmaqla milli-mədəni irsimizi əks etdirir. Altı kitabdan ibarət kitab dəstində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı geniş şəkildə şərh olunur. "Ömür salnaməsi" adlı kitabda sənətkarın həyat yolu biblioqrafiq şəkildə, "Bədii və publisistik əsərləri" kitabında isə tarixi - xronoloji ardıcıllıqla qəzet və jurnallarda çap edilmiş yazıları yerləşdirilmişdir. Sənətkarın "Leyli və Məcnun", "Koroğlu", "Arşın mal alan" və "O olmasın, bu olsun" əsərlərinin notları ayrılıqda nəşr edilmişdir.
"Muğam ensiklopediyası" adlı digər kitab dəstinin ilk kitabında ensiklopedik məlumatlar verilirsə, digərlərinə isə ustad sənətkarlardan başlayaraq ardıcıl olaraq milli muğam sənətimizi yaşadanların ifaları yazılmış disklər daxildir.