Tofiq Köçərlinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Akademik Tofiq Köçərlinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Akademik T.Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində almışdır.
Əmək fəaliyyətinə 1950-1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan T.Köçərli 1952-1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953-1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləmişdir. Tofiq Köçərli 1957-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972-1990-cı illərdə rektoru, 1990-1991-ci illərdə isə professoru olmuşdur. O, 1993-2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutmuşdur.
T.Köçərli 1955-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə isə tarix elmləri doktoru elmi dərəcəsini almış, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
T.Köçərli bir çox kitab və monoqrafiyanın, 120-dən çox məqalənin müəllifi olub. Azərbaycan tarixşünaslığına töhfələr verən alimin əsərləri ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və fəaliyyətinin öyrənilməsi, Naxçıvan və Qarabağ tarixinin tədqiqi onun əsas elmi nailiyyətləri sırasındadır. O, Azərbaycan tarixi elminin inkişafında göstərdiyi naliyyətlərə görə bir sıra orden və medallarla təltif edilib, fəxri adlara layiq görülüb.
Tədbirdə professor Xəlil Köçərli, akademiklər Əfrand Daşdəmirov, Ziyad Səməd-Zadə, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Məşədi xanım Nemətova, Vəli Əliyev, Rafiq Əliyev alim haqqında xatirələrini bölüşdülər.
Tədbirdə çıxış edən alimin oğlu Ramiz Köçərli atasına göstərilən diqqətə görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirdi.
Tədbirdə alimin "K istorii Karabaxskoqo voprosa", alimə həsr olunmuş "Tofiq ucalığı" və R.Əliyevin "Beseda po duşam" kitablarının təqdimatı keçirildi.
Sonda Tofiq Köçərlinin həyat və elmi fəaliyyətini əks etdirən film nümayiş etdirildi.