Maarifpərvər ziyalının yaradıcılıq irsindən ştrixlər
Belə simalardan olan böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadə bütün yaradıcılığı boyu xalqın milli təfəkkürünün oyanmasına və inkişafına çalışaraq məhz yaratdığı ədəbi nümunələr vasitəsilə dövrünün ab-havasını ədəbiyyata gətirib, bu yol ilə xalqın inkişafına kifayət qədər təsir göstərə bilmişdir. Cəlil Məmmədquluzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində ədəbi fəaliyyətini bir məqsəd və ideya ətrafında davam etdirərək, müxtəlif janrlarda yazdığı əsərlərlə xalqına xidmət etdiyini bir daha təsdiqləmişdir. Belə bir ziyalının fəaliyyətinin dövlət tərəfindən qiymətləndirilməsi Azərbaycan xalqının öz açıq fikirli, nurlu vətənpərvərlərinə olan münasibətidir. Təbii ki, son illərdə bu münasibət daha parlaq bir şəkildə görünür və Azərbaycan ziyalılarının mütəmadi olaraq yubiley və yaradıcılıq gecələri Prezident İlham Əliyev cənablarının ardıcıl olaraq imzaladığı sərəncamlar əsasında həyata keçirilir. Bildiyimiz kimi, Prezidentin sərəncamı əsasında Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin keçirilməsi qərara alınmışdır.
Qüdrətli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Azərbaycan mədəni və ictimai fikrinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin respublikada layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə İlham Əliyevin imzaladığı sərəncam əsasında Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçiriləcək.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında mühüm rol oynayan ədiblərdən biridir. Klassik Azərbaycan və dünya bədii fikri ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnən sənətkarın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərq ölkələrinin ədəbiyyatlarına böyük təsir göstərmişdir.
Onun yaradıcılıq irsi çoxşaxəliyi, mövzu aktuallığı ilə fərqlənən zəngin nümunələr əsasında yaranmışdır. 1869-cu ildə Naxçıvan şəhərində dünyaya gələn Cəlil Məmmədquluzadə ilk təhsilini mollaxanada, sonra isə şəhər məktəbində almış, elmi biliklərə qismən də olsa yiyələnmişdir. Kiçik yaşlarından ədəbiyyata böyük həvəs göstərən yazıçı 1887-ci ildə Qori müəllimlər seminariyasında təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra bir müddət müəllimlik etmiş, İrəvan quberniyasında fəaliyyət göstərmişdir. Ədəbi fəaliyyətə meyil onun fikir, düşüncələrinin kağız üzərinə köçməsindən və xalqına, qəflət yuxusuna düçar olmuş insanlara bir köməklik göstərmək ideyasından irəli gəlmişdir. O, 1889-cu ildə ilk əsərini, alleqorik pyesi olan "Çay dəstgahı"nı qələmə almışdır. Burada müəllif müxtəlif əşyaları dinləndirərək, dövrünün hadisələrini, prototiplərini məhz çaydan, nəlbəki və digər obrazlar üzərində canlandırmışdır. Bu müəllifin Azərbaycan ədəbiyyatına gətirdiyi novatorçuluq ideyalarından biri kimi qiymətləndirilir. Çox keçmir ki, Cəlil Məmmədquluzadə hekayə və iri həcmli əsərlərin müəllifi kimi tanınmağa başlayır. O, 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" povesti ilə Azərbaycan mühitinin qaranlıq tərəflərinin geriliyini ifadə etmiş və zülmətdə baş verən hadisələrin səbəbini açıb göstərməyə çalışmışdır. Bu povestində müəllif digər bir tərəfdən də ustalıq məharətini nümayiş etdirmişdir. Hər bir ümumiləşdirilmiş obrazı cizgilər əsasında elə bir şəkildə oxucusuna təqdim edir ki, burada müəllifin portret ustası olmağına şək-şübhə yaranmır. Naxçıvanın Nehrəm kəndində baş verən hadisələri qələmə alan yazıçı hadisələrin gedişini ürək ağrısı ilə izləmiş və vətənpərvərlik cəsarətini bu əsərində bir daha üzə çıxarmışdır. Cəlil Məmmədquluzadənin qaranlıq mühitin qəhrəmanlarının insanlara olan münasibətini əks etdirən əsərləri yaradıcılığında müstəsna yer tutur. Ədibin yüz il əvvəl yaratdığı "Ölülər", milli vəhdət ideyasının carçısına çevrilmiş "Anamın kitabı", eləcə də digər dramaturji, nəsr və publisist əsərləri Azərbaycanın çoxəsrlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir. Onun 1909-cu ildə yazdığı "Ölülər" əsəri yaşadığı zamanda çox böyük əks-səda doğurmuşdur. Buna səbəb Şeyx Nəsrullah kimi obrazların ədəbiyyatımıza gəlməsi və onların tənqid atəşinə tutulması idi. Bu qaranlıq mühitləri adlayan və heç bir iş görməyə qüvvəsi çatmayan İskəndər kimi açıq təfəkkürlü ziyalıların dini mövhümatın baş aldığı və heç bir qayda-qanunun işləmədiyi bir məkanda iflasa uğraması dövrün tələbləri çərçivəsində baş verirdi. Sözsüz ki, Cəlil Məmmədquluzadə özü bu hadisələrdən kənarda olmamışdır. Onun 1916-cı ildən etibarən bugünümüzə qədər "Ölülər" əsəri Azərbaycan səhnəsində bir çox rejissorların quruluşunda səhnələşdirilmiş və böyük uğur qazanmışdır. Bu gün də Azərbaycan teatr səhnəsində çox böyük müvəffəqiyyətlə tamaşaya qoyulur.
Əqidə dostlarının köməkliyi və birləşməsi ilə Cəlil Məmmədquluzadə Azərbaycan mühitində ədib olaraq demokratik, azad bir cəmiyyətin formalaşmasına cəhd göstərmişdir. Cəlil Məmmədquluzadənin ədəbi fəaliyyətindəki hekayələri də məhz zaman ilə ahəngdar olan nümunələr idi. Onun "Poçt qutusu", "İranda hürriyyət", "Qurbanəli bəy" və digər əsərlərində mövhumatçılıq, avamlıq əsas xətt olaraq davam etdirilir.
Cəlil Məmmədquluzadə Azərbaycan publisistikasında çox böyük nüfuza malik olan ziyalılar sırasındadır. Qeyd edim ki, hələ 1894-cü ildə Cəlil Məmmədquluzadə Moskvada, Peterbuq şəhərlərində olmuş, oranın ədəbi mühiti ilə maraqlanmışdır. Öz xalqının rifahının yüksəlməsi naminə çalışaraq, dövri mətbuatda əsərlər dərc etdirməyi vacib məsələlərdən biri olaraq qərarlaşdırmış və 1904-cü ildən etibarən Şaxtaxtinskinin redaktorluğu ilə çıxan "Şərqi-rus" qəzetinə məqalələr təqdim etmişdir. Onun ilk mətbu əsəri məhz bu qəzetdə çıxan "Poçt qutusu" olmuşdur. Sonradan rus yazıçısı Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət", "Ölüm", "Naxoşluq" kimi əsərləri bu mətbu orqanın səhifələrində dərc olunmuşdur. Çox keçmir ki, "Şərqi-rus" qəzeti qapanır. Cəlil Məmmədquluzadə yaxınları olan Ö.F.Nemənzadə və M.Ə.Bağırzadə ilə bu mətbu orqanı satın alaraq, "Qeyrət" mətbəəsini yaradırlar. Qeyd edim ki, bu mətbu orqan Cəlil Məmmədquluzadənin publisistika sahəsindəki ilk ən böyük xidmətlərindən biridir.
"Kaspi", "Tiflisski listok", "Vozrajdeniye" kimi liberal-burja qəzetlərində dövrün sərt qayda-qanunlarını ehtiyat etmədən belə qələmə alır, çar dövrünün çirkin niyyətlərini üzə çıxarmağa cəhd edirdi. Onun 1905-ci ildə "Qafqazski Raboçii listok" adlı bolşevik qəzetində dərc olunan məqalələri öz millətinin problemlərinə və onların həlli yoluna həsr olunmuşdur. Cəlil Məmmədquluzadənin publisistik fəaliyyətinin ən yüksək nöqtəsi 1906-cı ilin aprel ayının 7-də dərc olunan "Molla Nəsrəddin" jurnalı olub. Mətbuatda Azərbaycan milli satirik janrının təməl daşı hesab olunan "Molla Nəsrəddin" Azərbaycanda və Yaxın Şərqdə ilk satirik jurnal kimi əks-səda doğurur. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan "Molla Nəsrəddin" jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formalaşmasına öz layiqli töhfəsini vermişdir. Azərbaycanın geniş ədəbi ictimaiyyəti bu jurnala cəlb edildi. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi kimi sənətkarların əsərləri, publistik məqalələri bu mətbu orqanın əsas səhifələrində yer aldı. Yaxın Şərqdə və Azərbaycanda ilk satirik jurnal kimi fəaliyyətə başlayan "Molla Nəsrəddin" tez bir zamanda silahdaşlarını ətrafına toplamağa başladı. Demokratik fikirlərini, azadlıq ideyalarının təbliği ilə beynəlxalq aləmdə tanınan "Molla Nəsrəddin" jurnalına qısa bir zamanda Rusiya, Asiya, Avropa, Amerika kimi dövlətlərin oxucuları abunə oldu. Qaragüruhçu qüvvələrin təzyiqinə məruz qalan "Molla Nəsrəddin" jurnalı müəyyən fasilələrlə çıxsa da, qarşısına qoyduğu məqsəd uğrunda mübarizə aparırdı. 1920-ci ildə ailəsi ilə birlikdə Təbriz şəhərinə köçən Cəlil Məmmədquluzadə burada "Molla Nəsrəddin" jurnalının fəaliyyətini dayandırmamış, hətta mətbu orqanın 8 nömrəsi bu şəhərdə çap olunmuşdur. Sonradan Bakıya dönən yazıçı jurnalın növbəti nömrələrini burada nəşr etdirir. Cəlil Məmmədquluzadənin ədəbi irsi və fəaliyyəti təkcə yaradıcılıq fəaliyyəti ilə məhdudlaşmır. Onun Azərbaycan ictimai həyatında da kifayət qədər rolu olmuşdur. Qeyd edim ki, o, Mərkəzi İcraiyyə Komitəsinin üzvü, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından biri, "Maarif və mədəniyyət", "Yeni kənd", "Yeni yol" qəzetlərinin redaktoru olmuş və fəaliyyət dairəsi geniş bir çərçivəni əhatə etmişdir.
Cəlil Məmmədquluzadə mütəfəkkir kimi daim diqqət mərkəzində olmuş bu və ya digər fəaliyyəti ilə yanaşı, yeni tipli təhsil ocaqlarının açılmasına da diqqət ayırmışdır. O, 1904-cü ildə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansionat açmışdır.
Cəlil Məmmədquluzadənin "Cümhuriyyət" məqaləsi demokratik ruhda yazılmış bir nümunədir. Burada müəllifin demokratik respublika tələbi ilə çıxış etməsi, demokratik dövlətin proqram və quruluşunu nəzəri əsaslarının verilməsi çox böyük əhəmiyyətə malikdir. Ziyalının fəlsəfi görüşləri böyük bir müzakirəyə səbəb olmuşdur. Zamanın çox böyük aktual məsələlərinə toxunan Cəlil Məmmədquluzadə "Bəlkə də qaytardılar", "Konsulun arvadı", "Proletar şair" kimi əsərlərində aktual məsələlərə toxunmuşdur. Novatorçuluq ideyaları ilə çıxış edən yazıçının yaradıcılığı, zənginliyi və orijinallığı ilə diqqət mərkəzində olmuş, onun ədəbi nümunələri böyük tənqidçilərin müzakirəsinə səbəb olmuş, hər bir ədəbi nümunəsi ətrafında elmi işlər yazılmışdır.
Cəlil Məmmədquluzadənin fəaliyyəti hər zaman diqqətdə olmuşdur. Onun adını ədəbiləşdirmək üçün Astraxanbazar rayonu yazıçının adına uyğun olaraq Cəlilabad rayonu ilə əvəzlənmiş, Naxçıvan və Cəlilabad şəhərində heykəlləri qoyulmuş, Bakıda ev-muzeyi açılmışdır.
Bu gün də Cəlil Məmmədquluzadəni ədəbi irsi ölkə rəhbərinin diqqətindədir və onun müxtəlif məbədlərdə 140 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.