Azərbaycan ədəbiyyatının başlıca inkişaf meyilləri azərbaycançılıq
məfkurəsinin tərənnümüdür
Dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycanda klassik irsin yeni meyarlarla dəyərləndirilməsi sahəsində bir sıra çox mühüm hadisələrlə əlamətdar oldu. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında "Kitabi-Dədəm Qorqud" eposunun 1300 illik, Məhəmməd Füzulinin 500 illik yubileylərinin geniş miqyasda keçirilməsi və hər iki tədbirin zirvə toplantılarında dünyanın bir sıra dövlət başçılarının iştirakı Azərbaycanda ədəbiyyatın, mənəviyyatın, bütün mədəniyyətin parlaq təntənəsinə çevrildi. Bu və ya digər ədəbiyyat nümunələrində, qədim və orta əsr ədəbiyyatında mövcud olan ideyaların üzə çıxarılmasına, onların yeni müstəvidə təhlil edilməsinə şərait yaratdı.
Azərbaycan ədəbiyyatının nəfis nümunələri kimi qəbul olunmuş milli ruhda yazılmış əsərlər tarixi dövrlərdən bizlərə soraq verir. Saxtalaşmış tariximizdə yazılan dövrlərin daha mükəmməl forması, Azərbaycana qarşı olan təcavüz və işğalların real təcəssümü yazılı ədəbiyyatımızda yer almışdır. Bu baxımdan, Nizami Gəncəvinin əsərləri özünün aktuallığı, klassikliyi idə səciyyəvidir. Belə ki, şairin yaşadığı zamanla bağlı tarixi situasiyalar Nizami Gəncəvi yaradıcılığında təcəssüm olunur. Azərbaycan intibah mədəniyyətinin yetişdirdiyi dahi söz ustası, mütəfəkkir filosof Nizami Gəncəvi Şərq-Qərb mədəniyyətlərinin cərəyan etdiyi məşhur ipək yolu üzərində yerləşən qədim Gəncə şəhərində yaradıcılıq fəaliyyətində olmuşdur. Düz 800 il bundan əvvəl dünyasını dəyişmiş şair dünya fəlsəfi fikir tarixində özünəməxsus yer tutmuşdur. XI əsrdən Arranın mərkəzi şəhəri olan Gəncədə şəhər mədəniyyəti inkişaf etmiş, dövlət sarayı, mədrəsə, tibb, elm ocaqları fəaliyyət göstərmiş, ədəbiyyat, tarix, fəlsəfə, nücum, fiqh və dini elmlər tədris edilmişdir.
Nizami başqa sələf və çağdaşları kimi bədii yaradıcılığa qəzəl və qəsidə ilə başlamışdır. Ancaq bu yol onu təmin etməmiş, Firdovsidən sonra XI əsrdən intişar tapmağa başlayan epik roman-dastan yaradıcılığı janrına ciddi meyil göstərməyə başlamışdır. Onun bu yöndə ilk sınaq əsəri "40 yaşının intizarında" ikən yazdığı, "Məxzənül-əsrar" XI əsrdə yaradılmış epik məsnəvi janrının orijinal nümunələrindən biridir. Bu əsərdə hekayət və dastan süjetləri işlənmişdir. Hekayə və dastanlar əsərdə epikliyin başlıca əlamətlərini - bədii dil, ifadə və məzmun xüsusiyyətlərini özündə əks etdirir.
Dini, ictimai-siyasi, mədəni hadisələrin cərəyanı şairin yaradıcılığından kənarda qalmamışdır. Onun "Xəmsə"sini təşkil edən ilk poeması "Sirlər xəzinəsi" ("Məxzənül-əsrar") tovhid və minacat, peyğəmbərin tərifi və meracı müqəddimələrilə başlanır. Burada Allahın zat və sifətləri, birliyi, yaradıcı olması, ixtiraçı və başlanğıc olması, onu tanımaq və tanıtdırmaq üçün Həzrət Məhəmmədi (s) peyğəmbər təyin etməsi, onunla müsəlmanlara hikmət kitabı "Qurani-Kərim"i göndərməsi və s. məsələlər izah olunur. Nəticə etibarilə, "Sirlər xəzinəsi" dünya, kamil insan və kamil cəmiyyət haqqında dolğun islami bədii əsərdir. Nizaminin "Xosrov və Şirin" poeması 1180-ci ildə Azərbaycan hökmdarı Cahan Pəhləvanın adına yazılmışdır. Şair əsərin mövzusunu islamdan qabaqkı İran tarixindən almışsa da, Firdovsidən bir qədər fərqli nəzmə çəkmişdir. "Xəmsə"yə daxil olan başqa əsərlər kimi "Xosrov və Şirin"də minacat, peyğəmbərin tərif və meracı, padşaha xitab bölmələrilə başlayır.
Kitabın tərtibi bəhsində əsərin əsasında duran eşqin fəlsəfi mənasını izah edən şair onu kosmik eşq adlandırır və yazır: "Fələyin eşqdən başqa mehrabı yoxdur..., dünya (başdan-başa) eşqdir (eşq ilə doludur)". Onun fikrincə, "Əgər eşq daşın ürəyinə düşərsə, sevgidən içindəki cövhərə (cəvahirə) əl atar. Maqnitdə eşq olmasaydı, dəmiri özünə necə çəkərdi?" - deyən Nizami bu dünyəvi, həqiqi eşqi Xosrov və Şirin surətində dolayısı ilə Turan və İran arasında görmək istəyirdi. Nizaminin Şirini Əfrasiyab nəslindən olan turanlı şahzadə kimi qələmə verməsi buna bir işarə idi. Şair bu istəyini Atabəylər dövlətinin timsalında aşılamaqla sırf siyasi məqsəd güdür.
Nizami bu əsərində mənəvi təkamül yolu ilə ictimai-siyasi məsələləri həll etmək istəyirsə, Xosrovun eyş-işrət və şöhrətpərəstliklə ömür keçirməsi bu ideyanın həyata keçməsinə mane olur. Şair hadisələrdən fəlsəfi nəticə çıxararaq təbiət həyatının dövranlarına işarə edir və deyir: "Özünü tanı ki, məna yolu ilə, həqqi tanıyasan, əgər özünü bilsən, fələyin uzaqlığına baxma, o, sənin qarşında bir aynadır. Sən iki aləmin toplususan". Nizami Gəncəvi insan vücudunun dörd ünsürdən ibarət olduğunu bildirir. Bunun üçün o, təbiət hadisələrindən çoxlu misallar çəkir. İnsan cismani zövqlərə deyil, mənəvi-əqli təkamülə meyil etməlidir. Nizami bu əsərində təbiətşünas alim kimi ictimai həyat məsələlərin təbiətin fəlsəfəsilə həll etməyə çalışır.
Səkkiz əsrlik tarixdə mövcudluğunu təsdiq etmək Nizami Gəncəvi fəlsəfəsi, ictimai görüşlərindəki reallıqlarla, bəşəri ideyaları yüksək səviyyədə ölçərək təbliğ etməklə birbaşa əlaqədardır. Şairin "Xosrov və Şirin" əsərində Xosrovla Şirinin deyişmələrini və onların adından Bərbət və Nəkisanın musiqi ahənglərinin müşayiətilə qəzəllər tərənnüm etmələri, həyat fəlsəfəsinin musiqi və poeziyanın vəhdətində təcəssüm edildiyinə bir sübutdur. Lirik, ictimai mahiyyət daşıyan lövhələrdə şair bir əqidəyə xidmət edir.
Şirvanşah Axsitanın sifarişilə Azərbaycan ədəbiyyatına daxil olan "Leyli və Məcnun" əsərinin mövzusunu islamaqədərki ərəb folklorundan alan Nizami süjetin mərkəzində Ərəbistan təbiətini və həyatını saxlamaqla qəbilə həyatında platonik məhəbbətin islamiyyət dövründə keçirdiyi yeni istihalə prosesini qələmə almaq istəmişdir. İslamiyyət dövründə ictimai əxlaq eşqin qəzəllər vasitəsilə xalq arasında faş edilməsini təhqir və yolverilməz saydığı halda, üzrilərin həyatında eşqin üluhiyyəti hər məhdudiyyəti rədd edir. İslamda isə bu hal sərsərilik və "dəlilik" kimi qəbul olunur. Nizami eşqi intibah fəlsəfəsi baxımından təbiətin başlıca qanunu kimi izah edir və deyir ki, bu eşqlə müxalifət mümkünsüzdür. Məcnun Kəbədə də, səhrada da, göylərdə də eşqin cari olduğunu görür, Kəbədən də, ulduzlardan da eşqinə zimayəci olmağa çağırır.
Əsərdə yeniliklə, yeni intibah həyatı və təfəkkürü ilə köhnəliyin, cahiliyyətin arasındakı kəskin ziddiyyətlərə ciddi diqqət yetirilir və bu hal intibahın ilk dövrləri üçün çox səciyyəvidir. Nizami bu poemasının müqəddimə hissələrində Axsitanın poemanı ərəb-farsın söz incilərilə əsəri zinətləndirmək, türksayağı deyim və xasiyyətləri kənara qoymaq haqqındakı fikirlərinə ciddi etiraz edir və Leyli ilə Məcnunu ərəblər içərisində yaşayan türk deyimli türklər adlandırır. Bu fikirlər, şübhəsiz, Azərbaycan intibahının səciyyəvi xüsusiyyəti idi.
"Leyli və Məcnun" kimi Nizaminin Marağa hakimi Ağsunqur Körpə Arslanın adına 1197-ci ildə yazdığı "Həft peykər" ("Yeddi gözəl") poemasının süjeti Sasani hökmdarlar sülaləsi tarixindən alınmış intibah əsəridir. Əsərin məzmunu islam intibahı dövründə antik Midiya-yunan bədii-fəlsəfi mədəniyyətlərinin sintezləşdiyi eşq, sosial həyat və dövlətçilik məsələləri üzərində qurulmuşdur. Burada da eşq "Xosrov və Şirin"də, "Leyli və Məcnun"dakı kimi irəli sürülən kosmik-dünyəvi eşqdir. Bu eşq hər yerdə öz təbiətinə görə ziddiyyətləri aradan götürüb tərəflər arasında sülh və bərabərlik yaradır.
Poemada kosmik aləm yeddi gümbəz modelində yerdə bərqərar olunur. Yeddi planeti təmsil edən bu gümbəzlərin hər biri öz rənginə və xasiyyətinə görə insanın daxili və xarici bədən üzvlərinin hər birinin xasiyyəti və əməlinə uyğunlaşdırılır. Bununla da insanın əxlaqi gözəlliyi və qüsurları üzə çıxarılır. Bu konsepsiyaya görə insan mənşətinə görə hissi (maddi) və əqli (mənəvi-ruhi və ya əqli-nəfsi) aləmlərin vəhdəti kimi götürülür.
1200-1203-cü illərdə yazıldığı təxmin edilən "İsgəndərnamə" şairin arzusu ilə çox sevdiyi Nüsrətəddin Əbubəkrə ithaf edilmişdir. Bu əsərin də mövzusu İran-yunan müharibələri tarixçəsindən alınmışdır. Bu da Şərq intibahının başlıca xüsusiyyətidir. Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, bəlkə yunanların Şərq mədəniyyətlərilə tanışlığı və bu yol ilə iki mədəniyyətin sintezləşməsidir. İsgəndər İran təşkədərlərini yandırarkən, yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış "Avesta" mətnlərini Yunanıstana göndərib tərcümə etdirərək, öyrənilməsini tövsiyə edir. Antik yunan alimlərinin muğların naturfəlsəfi nəzəriyyələrinin öyrəndiklərini və onları iqtibas etdiklərini yunan alimləri özləri təsdiq etməkdədir. İsgəndər, Nizaminin yazdığına görə öz vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərilə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur. Nizami Gəncəvi qəhrəmanını - İsgəndəri "başsızlar" ölkəsinə gətirib çıxarır. Bu şairin təfəkkürünün ali dərəcədə ideallığa xidmət etməsindən irəli gəlir. İskəndər bu ölkədə adamların həyatı, düşüncəsi, bərabərliyə dayanan ictimai idarə-üsulunu görüncə heyrət edir. İsgəndərin şimal zülmətində dirilik suyunun olması xəbərini eşitməsi, onun oraya yol tapmaq istəyini artırır. Ədəbi dirilik vasitələrinin axtarışı ən qədim mədəniyyətlərə, bu sırada şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi Şərqdə, ehtimal ki, Xəzər, ya Urmu gölündəki adamların birində aranır.
İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir. Beləliklə, İsgəndər Yunanıstanda deyil, Şərqə səyahətləri dövründə görüb öyrəndiyi Şərq mədəniyyətləri, Şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən "İsgəndərnamə" Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir. Belə əsərlərin müəllifi olaraq, dünya ədəbiyyatında yer alan, Azərbaycan milli mədəniyyətini dünyaya çıxaran və ən nadir incilərinə qarşı həsəd hissi oyadan Nizami Gəncəvi irsi bəşəriyyəti fəth edir. Bu mənada ki, onun arxasında dünyəvi məsələlər, bu məsələlərin bədii həlli dayanır. Nizami Gəncəvinin sənət dünyasından bizə gələn yoldan 800 il ötməsinə baxmayaraq, bu irs zamanın ahəngi ilə səciyyələnir.