Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən "Səs" qəzetinə verilən məlumata görə, cari ilin fevral ayının 18-də saat 12-də Heydər Əliyev Sarayında "Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009" mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək.
Tədbirə bir sıra Avropa və islam dövlətlərinin mədəniyyət nazirləri, eyni zamanda, ayrı-ayrı şəhərlərin merləri dəvət edilib. İSESKO-nun baş direktoru cənab Ə.O.Əl-Tuveycri açılış mərasimində iştirak edəcək.
Açılış günlərində, yəni fevralın 18-i və 19-u Bakının mərkəzi meydanlarında şənliklər, "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" veb-saytının və "Qədim Bakı" kitabının təqdimatı keçiriləcək. Ümumiyyətlə, ilboyu mədəniyyət paytaxtı ili çərçivəsində yüzdən çox milli və beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2007-ci ilin noyabr ayının 21-23-də İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin Liviyanın Tripoli şəhərində keçirilmiş V konfransının qərarına əsasən, Bakı şəhəri 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilib.
Ötən il dekabrın 2-3-də isə Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır" mövzusunda konfransı keçirildi. Konfransın gedişində Bakı Bəyannaməsi qəbul edildi, iştirakçı dövlətlər, eləcə də, tərəfdaş dövlətlərin mədəniyyətlərarası dialoq sahəsində mədəni əməkdaşlığının və fəaliyyətlərinin əlaqələndirilməsinin inkişaf etdirilməsini nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyuldu.
Bu il, həmçinin, islam ölkələri mədəniyyət nazirlərinin IV konfransı keçiriləcək. Azərbaycan tərəfi ənənəyə sadiq qalaraq, "Bakı Prosesi" çərçivəsində həmin məclisə bir sıra Avropa dövlətlərinin müvafiq qurumlarının rəhbərlərini də dəvət etməyi planlaşdırır.