“Humanizm və xeyirxahlıq missiyası” kitabının oxucu müzakirəsi keçiriləcək
Bakıda fəaliyyət göstərən ilk İctimai Hüquqi-İnformasiya Mərkəzinin ikiillik fəaliyyətinə yekun vurulur. Tədbirdə Heydər Əliyev Fondunun Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən işlərə həsr olunmuş Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri namizədi Əli Eyvazovun tərtib etdiyi "Humanizm və xeyirxahlıq missiyası" kitabının oxucu müzakirəsi də keçiriləcəkdir.
İctimai Hüquqi-İnformasiya Mərkəzində istifadəçilərə hüquq sahəsinə aid çoxlu kitablar, dərsliklər, habelə, məcəllə və qanunlar təqdim edilir. Bu Mərkəzdən Rusiya Federasiyasında yaradılmış unikal və geniş əhatəli qanunvericilik bazasına daxil olmaq mümkündür. Sözügedən arxiv sənədləri yalnız Moskva və Sankt-Peterburqun aparıcı arxiv və kitabxanalarında saxlanılır. Sənədlər (qanunlar, fərmanlar, sərəncamlar) XVII-XXI əsrləri əhatə edir. Sənədlərin bir çoxunun əsli artıq nadir (paritet) nüsxələr hesab olunur. Bazada Zaqafqaziyaya, Bakı, İrəvan və s. quberniyalara aid maraqlı və mütəxəssislər üçün əhəmiyyətli olan sənədlər mövcuddur. Sənədlərin bir çoxu baş vermiş tarixi hadisələri yenidən araşdırmağa imkan verir. Bu nadir sənədlər tarixi Azərbaycan ərazilərinin xalqımıza məxsusluğunu bir daha sübut edir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Elmira Axundova, xalq şairi Zəlimxan Yaqub, yazıçı Natiq Rəsulzadə, professor Beynəlxalq Elmlər Akademiyası və Təhlükəsizlik, Müdafiə və Qanunvericilik Problemləri üzrə Rusiya Akademiyasının üzvü, "Humay", "Qızıl qələm" mükafatları laureatı Həsən Quliyev, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vasili İstratov, Azərbaycandakı Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin direktoru A.Şeyxov və b. çıxış edəcəklər.
Tədbir iştirakçılarına onlayn video konfrans vasitəsilə Moskvadakı Mərkəzlə əlaqə yaratmaq, müxtəlif suallar vermək imkanı yaradılacaqdır.