Gənc pianoçuların respublika müsabiqəsi keçiriləcək
Respublikada fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin estetik tərbiyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılması, istedadlı uşaqlarla pedaqoji işin aktivləşdirilməsi, şagirdlərin ifaçılıq səviyyəsinin yüksəldilməsi məqsədilə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2009-cu ilin aprel ayında gənc pianoçuların respublika müsabiqəsini keçirəcək.
Müsabiqədə 9-17 yaşlı uşaq və yeniyetmələr 3 yaş qrupu üzrə (I qrup: 9-11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-17 yaş) iştirak edə bilərlər.
Qeyd edim ki, müsabiqə 2 turdan ibarətdir. I tur - iştirakçıların çıxışının videoyazısı üzrə seçmə mərhələsi 2009-cu il 1-10 aprel tarixlərində, II tur - 2009-cu il 25-30 aprel tarixlərində Bakı şəhərində keçiriləcəkdir.
Münsiflər heyətinin qərarına əsasən, müsabiqə qaliblərinə diplom və mükafatlar veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər bu ilin 20 mart tarixinədək qəbul ediləcək.