PDF Oxu

Mədəniyyət

  • 2

Yeni Şekspir Erası araşdırmalarda

Yeni Şekspir Erası araşdırmalarda

Bu gün dünya şöhrəti dramaturq, şair Vilyam Şekspirin doğum günüdür. 445 il bundan əvvəl dünyaya gələn şairin ədəbi irsi əsrlər ötsə də tədqiq olunur, ona maraq hissi sönmür. Şekspirin irsi ilə uzun illər məşğul olan şekspirşünas Seyran Məkan Azərli onun fəlsəfi görüşlərini yeni eradan təqdim edərək suallarımızı cavablandırdı:
- Seyran müəllim, misilsiz, nadir incilərin müəllifinin yeni erasını necə xarakterizə edirsiniz?
- XVI əsrdən bizi dörd əsr yarım ayırır. Başqa sözlə desək, Vilyam Şekspirin doğum ilindən 445 - il keçir. Bu müddət ərzində bəşər sivilizasiyası bir çox mühüm, həyat əhəmiyyətli, elmi və müvafiq tərəqqiyə nail olub. Eyni zamanda, planetimizdə ekoloji cəhətdən də tənəzzül müşayiət olunur.
XX əsrdə insan "Yerdən qoparaq" kosmosu fəth edib. Lakin XVI əsrin Londonun "Qlobus" (hərfi mənada "Yer kürəsi" deməkdir.) teatrında çalışan və dünyaya "nadir incilər" bəxş edən "bir şəxsin" "kim olması" ətrafında gedən söz-söhbətlər, mübahisələr, açıqlamalar və s. bu 400-ildən də artıq bir zaman anlamı axarında, vaxtaşırı mərhələlərdə çözələnmiş və bununla belə indinin özündə də, bütün dünya bəşəriyyətinin sonsuz maraq dairəsi fövqündə mövcud olmaqla bərabər, bir daha "əsil həqiqət"lər pünhan qalmaqdadır. Müəllif 59 saylı sonetin ilk misraları ilə keşməkeşli zaman axarı durumuna qiymət verərək, oxucunu fəal düşüncə tərzinə sövq edir.
Bədii təcəssümlərinin sehri ilə dünyanı ovsunlayan Vilyam Şekspirin əsərləri, həmçinin, fəlsəfi mahiyyəti ilə də mühüm əhəmiyyət kəsb edir və bədii təcəssümlərin sintezində başlıca önəm olmaqla, müəllifin sonsuz arzu, istək və iradəsinin ifadəsi, hakim düşüncə və dünya baxışlarının müzəffər diqtəsidir.
Müəllifin yaradıcılığında fəlsəfə - iki və daha çox anlam daşıyıcısı olub, öz tərkibində daha dərin məna və məntiqə əsaslanır. Bir çox hallarda isə bir daha özünün əks qütbündən çıxış etməklə, ilkin mülahizə, ifadə, münasibət və söylənilənlərin fərqli dolğunluğunu yaradır.
Müəllifin irsi yaradıcılığı müxtəlif dövrləri əhatə etməklə, mövzu palitrası, boyaları baxımından rəngarəng, bədii təcəssümlərdə ifadəliyi ilə mücərrəd, təzadlı, lakin səlist, axıcı, ürəyi oxşayan, həmçinin, mürəkkəb, bəzən də bəsit səciyyələnmişdir.

Əsərlərin bədii təcəssümlərinin kölgəsində daldalanan və poetik misraların qəlbindən zühr edib boylanan fəlsəfi diqtəsi ilə isə daha dərin- məntiqli, fərqli -nəticəli, eyni zamanda, kəskin- qətiyyətli və mübariz-əqidəlidir.
Müəllifin yaradıcılığının əsil mahiyyəti, onun əsərlərinin bədii dil üslubunun rəngarəngliyi, dəst -xəttinin isə özünəməxsus yetkinliyi ilə təkrarolunmazdır. Yəni, müxtəlif əsərlərdə və poeziya lövhələrində səciyyələnən bu və ya digər mübadilə məqamları, fikir çözümü zəminində həmrəy-bərabərliyində qovuşur və sanki çəkici eyni zindana vurur. Mühüm bir cəhəti də qeyd etmək gərəkdir ki, "belə hal", Şekspir yaradıcılığının başlıca amillərindən biri olub, onun dəst-xəttinin müvazi göstəricisidir. Yəni; mütləq vahidi öz anlamı daxilində bu və ya digər gerçəkliklər = (bərabərdir) = zəruri mövcudiyyət. Odur ki, əsərlərin səlis axıcılığı gedişatında tərənnüm olunan müraciət, ifadə və təcəssümlər, bir-birini unikal-tənasüblə tənzimləyərək əvəzləyir. Bununla da müxtəlif parametrlərdən, seyrlərdən əks olunmaqla, özünün fəlsəfi dühasının zirvəsinə yüksəlir. 78 sonetin 1-ci bəndi və son beyti təlqin olunur.
Bəli. V.Şekspirin fəlsəfəsi bir zərrəcik toxumdur. Ona qulluq edib, onu cücərtdikcə qol-qanad açıb şaxələnir. Onun bəhəri isə ürəkləri fəth edib, qəlbləri cuşa gətirir. Əbədiyyət üfüqündə, səhərin parlaq dan ulduzuna bənzər solmaz bir bayraq olub, müəllifin həyatının mənası olan: tükənməz idealı, yaradıcılığında isə möhtəşəm ideyalarının mübariz keşikçisidir.
Müəllif şahidi olduğu mühitin ifrat eybəcərliklərini, saxtalıq və fitnəkarlıqlarını, yaratdığı əsərlərin bu və ya digər olaylarında tərənnüm etmişdir. Bütün bunlarla yanaşı, həmçinin, onu narahat edən şəxsi həyatının mühüm və böhranlı çalarlarını da bizlərə yaddaş edir. Təqdim olunan müraciət, etiraf, təvəqqe, vəsiyyət, dəyərli vasitələr və digər sənədlər ilə şair onu narahat edən yeknəsək aləmin haqsız, ədalətsizliklər buxovlarından qurtulmağı, azad olmağı arzu edir. "Olum, ya ölüm?", "dilemma məngənəsi" - sıxıntılarından fəryad qoparan - hayqıran şair, arzu edir ki, İlahidən bəxş olunmuş müqəddəs səadətlər -səltənəti mehrabı, dövrün və zamanın çirkablar və bataqlıqlar girdabında ilişib qalmasın. Həyat daima öz axarında -təbiətən, bahəm- təbiətlə canlansın. Tərəqqi, insanları nurlu "Sabahlar"-a səsləməklə, zehni saflaşdıran ülvi əməli ilə həyat fəaliyyətində uğur və sevinc mənbəyinə çevrilsin.
Müəllifin irsi yaradıcılığı, əsərlərin bədii təravəti, lirik romantizmi, füsunkar dramatizmi bitkin, fəlsəfi dolğunluğu ilə daim yaşar təcəssümü, əsrlərin sınağından çıxmış və bütün maneələri aşaraq XXI əsrə qədəm qoymuşdur. Bu, misilsiz, nadir incilər bundan sonra da tərəqqi edəcək, daha da yüksək və möhtəşəm aləmləri bizlərə təqdim edəcəkdir. Həyatın, təbiətin və bəşər nailiyyətlərin ayrılmaz bir hissəsinə çevrilməklə, müəllifin arzu və idealarının təntənəsinə çevriləcəkdir.
- Seyran müəllim, Şekspir məfhumunun kəsb etdiyi leksik məna necə izah olunur? Bu günə qədər Şekspir yaradıcılığı kimi qəbul etdiyimiz əsərlərini müəllifi kimdir?
- "Vilyam Şekspir" deyiminin ingiliscədən tərcüməsinə "Vilyam" - "arzu", "iradə" və "istək" deməkdir. Və bu adın hallanması, xüsusən, 135 və 136-cı sonetlərdə öz əksini tapır. "Şekspir" sözünün mənası isə ingilis dilində "Şeks" - qalxan, "pir"-isə -nizə deməkdir. "Adonis kriptoqrafiyası" şəklinin təsviri, başlıca olaraq "Şeks", yəni "qalxan" və "pir", yəni, "nizə" -dən ibarətdir ki, bu da ümumilikdə, "Nəhəng gəmi"ni xatırladır. "Adonis kriptoqrafiyası"nın rəsmi elmi əsər olub, Şekspir yaradıcılığının fəlsəfi aliliyinin mahiyyətini özündə ehtiva edir. Bəli! Məhz bu baxımdan da müəllif, yaradıcılığının ali dəyərlərinə istinad edərək, öz təxəllüsünü dəqiq təyin etmişdir. Yəni "Vilyam"- şair- dramaturqun idealı olan arzu, istəyin və iradəsini əks etdirməklə=(bərabərdir)= "Şeks"+"pir" isə bu müqəddəsliyin mühafizə və kəsəridir. Bununla da müəllif, "Adonis kriptoqrafiyası"nın elmi əsaslarından, özünün təxəllüsünü təyin etməklə, irsi yaradıcılığı - varlığını tənzimləmişdir. Son nəticədə isə dünya bəşəriyyətinə, mədəniyyətinə misilsiz, rəngarəng incilər bəxş etməklə, irsi yaradıcılığı ilə elmi yaradıcılığının, həmçinin, öz adının ölməzlik - vəhdətini yaratmışdır.
Əsərlərin müəllifinin əsil adı, soyadı və təxəllüsü isə belədir: Frensis Bekon Verulamski. Frensis-adı. Bekon -soyadı. Verulamski isə təxəllüsüdür. "Bekon" sözünün ingilis dilində mənası "donuz" və ya "salo" - deməkdir. Latın dilində "verulanum" sözünün mənası isə "donuz qurdları" - deməkdir. Tanınmış filosof, "Yeni Orqanon" və "Yeni Atlantida" traktatlarının müəllifi Bekon məşhur "Bilik -qüvvədir" şüarı ilə şöhrət qazanmışdır. O, ingilis kraliçası Yelizavetanın imtina etdiyi böyük oğlu idi. Frensis Bekonun şifrələnmiş və ölümündən 300 il sonra oxunması mümkün olan gizli tərcümeyi-halı məktubunu və "Tekstin şifrini açana müraciət" bölməsini, Nina Fyodorovna Burovanın "Dövrlər çayı" adı altında birləşdirilmiş tarixi oçerki olan "Pandora mücrüsündən" məqaləsində oxumaq olar. Yazı ilk dəfə 1926-ci ildə Parisdə çap olunmuşdur.
Etiraf etməliyəm ki, Yeni Şekspir Erası araşdırmalarının belə uğurlu alınmasında, ilkin olaraq Nina Fyodorovna Burovanın "Pandora" mücrüsündən yazısı səbəb olmuşdur. Bu, Şekspir irsinin "kimə məxsus olması" barədə yazılan ilk və sanballı əsərdir. Onu da qeyd edim ki, "bu yazıda" özü də, xüsusən, "Tekstin şifrini açana müraciət" böməsində bəzi məqamlar, misal üçün: "Çünki öz həyatımdan qorxurdum". "Axı o, şöhrətdən daha bahadır", "Dörd cəsus gecə-gündüz məni izləyirdi", "...yalnız mənim əlim çatırdı" və bu kimi (şifrələnmiş) deyimlərin fəlsəfi dəyərləri, məhz "Adonis Kriptoqrafiyası" ilə üzvü sürətdə öz dolğun təcəssümünü tapır. Frensis Bekonun şifrələmə üsulu çox maraqlı və mürəkkəbdir. Onun açılması Fransa generalı Kartje (şifrələmə xidmətinin başçısı) və amerikalı polkovnik Fabianın görüşməsi, tanışlığı, sonrakı dostluğu və birgə işinin nəticəsi kimi ortaya çıxmışdır.
Polkovnik Fabian Parisdə milli kitabxanada saxlanılan Bekonun "Yeni Orqanon" traktatında bir səhifə ilə maraqlanmağı general Kartcecə məsləhət görür. Müxtəlif şriftli hərflər üzərində Lupa ilə işləyərkən Kartce Frensis Bekonun istifadə etdiyi açarlardan birini tapır. Nəticədə bir qrup qriptoqraf Bekonun uzun müddət oxunması mümkün olmayan müəmmalı sənədini oxumaq imkanı əldə edir. Onun şifrinin açılması əsil sensasiya olmuşdu. Bu, Bekonun gizli tərcümeyi - halı idi və burada ingilis sarayının bir çox dəhşətli sirləri ifşa edilirdi. Həqiqətən də, bu onun "məxfi" tərcümeyi - halıdır və əgər onu oxuyarlarsa, bu ingilis tarixinin bütün axarını dəyişdirə bilər. Sənəd on fəsildən ibarətdir. Sənəddə yazılır: "Şekspir adı ilə imza atıram. Lakin mənim əsil adımı yunan və latınca rəqəmlərdə şifrələnmiş əsrlərimdə oxumaq olar. Fəlsəfi fikirləri, müdrikliyi, əsərlərimin məzmununu bütün dünya bəşəriyyətinin rəhbərlərinə vəsiyyət edirəm. Min illər keçmiş, amma Homerin əsərləri hələ də canlıdır. Vaxt onlara öz təsirini göstərə bilməmişdir... Mən ədalət gününü gözləyirəm. Bekonun tərcümeyi-halının şifrəsi açılandan sonra aydın oldu ki, bütün dünyada Vilyam Şekspirə mənsub əsər kimi tanınan əsərlər həmin adamın əli ilə yazıla bilməzdi. Onların əsil müəllifi yalnız və yalnız ali zadəganlığa mənsub şəxs ola bilər. Şekspir isə az savadlı idi, öz adını belə səhvlərlə yazırdı.
Polkovnik Fabianın topladığı "Şekspir" kitabxanasında Bekonun müəllifliyini dolayısı ilə sübut edən xeyli əsər və tədqiqatlar qorunub saxlanılır. Belə ki, 1917-ci ildə Simpson göstərdi ki, Şekspirin bir çox əsərlərinin müəllifi yalnız hüquqi təhsilə malik ola bilər. Şekspirin hüquqi təhsili yox idi.
Həqiqətən də, İngiltərə alim və yazıçıları Şekspir əsərlərinin müəllifi haqqında məsələni çox nadir hallarda qaldırdılar. Görünür, onlar bilirlər ki, ölməz əsərlərin müəllifi Şekspir yox, məhz Frensis Bekondur. Ötən əsrin ingilis siyasi xadimi C.Brayt birbaşa deyirdi ki, əgər kimsə Vilyam Şekspiri guya "Hamlet" və "Kral Lir" əsərinin müəllifi adlandırırsa, axmaq adamdır.

Digər xəbərlər