PDF Oxu

Mədəniyyət

  • 9

TÜRKSOY-un15 illik yubileyi qeyd olunub

TÜRKSOY-un15 illik yubileyi qeyd olunub
TÜRKSOY təşkilatının yaranmasının 15 illik yubiley tədbirində iştirak etmək məqsədilə, Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərində səfərdə olmuşdur. Yubiley tədbirində TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirləri, konservatoriya rektorları, üzv dövlətlərin keçmiş mədəniyyət nazirləri, son illərdə TÜRKSOY təşkilatı ilə sıx əməkdaşlıq edən şəxslər iştirak etmişlər. Azərbaycan nümayəndə heyəti Yazıçılar Birliyinin sədri Anar Rzayev, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, TÜRKSOY binasının memarı, akademik Cəfər Qiyasi və Dövlət Akademik Opera və Balet Teatrının solistləri Nikolay Peşerov və Sevinc Hüseynli ilə təmsil olunmuşdur.

Yubiley tədbirinin türk xalqlarının ənənəvi və klassik musiqi kompozisiyalarından ibarət "TÜRKSOY ulduzları" adlı konsert proqramı ilə açılışı olmuşdur. Rəsmi qonaqlar tərəfindən Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məqbərəsi ziyarət edildikdən sonra, təşkilatın dönəm koordinatoru Əbülfəs Qarayevin sədrliyi altında TÜRKSOY-un binasında üzv ölkələrin mədəniyyət nazirlərinin işçi toplantısı keçirilmişdi. İclasda rəsmi qonaqlar qismində Qırğızıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri, Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təhsil naziri, Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirinin birinci müavini, Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini, Tuva Respublikasının mədəniyyət və informasiya siyasəti nazirinin müavini, o cümlədən, digər bir neçə üzv ölkələrin mədəniyyət nazirliklərinin səlahiyyətli nümayəndələri iştirak etmişlər.

İclas zamanı TÜRKSOY-un 15 illiyi ilə əlaqədar şərəf medalı veriləcək şəxslərin adlarının təsdiq edilməsi, təşkilatın 2009-cu il üçün fəaliyyət planı və TÜRKSOY Baş Direktorluğu işçilərinin əməkhaqlarının artırılması ilə bağlı aparılan müzakirələr üstünlük təşkil etmişdir.

2009-cu il üçün Bakı şəhərinin islam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış tədbirlər planı çərçivəsində 2009-cu ilin oktyabr ayında Bakıda baş tutacaq İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin konfransını nəzərə alaraq, Əbülfəs Qarayev TÜRKSOY Daimi Şurasının növbəti XXVI iclasının da cari ilin oktyabrında keçirilməsi təklifi ilə çıxış etmiş və bu təklif toplantı iştirakçıları tərəfindən bəyənilərək qəbul edilmişdir.

Yubiley tədbirinin sonunda Ankaranın Bilkənd Universitetinin konsert salonunda TÜRKSOY-un 15 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti keçirilmişdir. Konsertdə Şimali Kipr Türk Respublikasının Prezidenti, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri - TÜRKSOY-un keçmiş Baş direktoru, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin müasir incəsənət və beynəlxalq humanitar əlaqələr departamentinin rəis müavini, üzv ölkələrin nümayəndə heyətləri Türkiyədəki səfirlik və diplomatik nümayəndəliklərin təmsilçiləri, millət vəkilləri, bir sıra təşkilatların rəhbərləri iştirak etmişlər.

Digər xəbərlər