Sənət tərcümeyi-halında İslam Rzayev ismi
Azərbaycan muğam sənətinin tarixi köklərini saysız insanlar mütaliə edib. Sənət tariximizə iz salan və tərcümeyi-halı ilə nəsillərdən-nəsillərə ötürülən muğam ifaçıları yaşadıqları dövrdə, eləcə də, sonrakı mərhələlərdə bir məktəb yaradaraq layiqli nümayəndələr yetişdirmişlər. Onların klassik ənənələri davam etdirərək, müasir bir şəkildə muğam sənətini təbliğ etmələri Azərbaycanın şah əsərinin daha orijinal bir şəkildə təqdiminə şərait yaratdı. Bugünümüzə qədər gəlib çatmış musiqi dünyamızın tərcümeyi-halına iz salan sənətkarlar İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Bülbülcan və onlarla belə sənətkarların yetirmələri olan xalq artistləri Zülfi Adıgözəlov, Arif Babayev, Canəli Əkbərov, Yaqub Məmmədov, Şövkət Ələkbərova, Rübabə Muradova və b-nın sırasında müasirləri olan İslam Rzayevin də dəsti-xətti, imzası yer almışdır. 26 yanvar tarixi xanəndənin dünyadan köç etdiyi gündür. Uzun illər Azərbaycan səhnəsində ifaçılıq sənəti ilə tamaşaçıların diqqətini cəlb edən və onların maraq dairəsini əhatə edən İslam Rzayev muğam ifaçısı olaraq onları nəfis bir şəkildə tamaşaçılara təqdim etməyə qadir olmuş xanəndədir.
Qeyd edim ki, İslam Rzayev 1934-cü ildə Füzuli rayonunda anadan olub. Muğam teatrının yaradıcılarından olan xanəndə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filormoniyasının solisti olaraq fəaliyyət göstərib. Uzun illər İslam Rzayev Muğam Teatrının bədii rəhbəri vəzifəsində də çalışmışdır.
Musiqi sənəti tarixində yüksək diapazonlu səsi, səs kaloriti, səhnə mədəniyyəti, duyum tərzi ilə seçilən İslam Rzayev, sənətdə olduğu dövr ərzində xalq mahnılarının, muğamların, eləcə də, bəstəkar mahnıların mahir ifaçısı kimi tanınmışdır. Onun ifa etdiyi hər bir mahnı Azərbaycan klassik musiqisevərlərinin qəlbində özünəməxsus yer almışdır. Bu musiqi əsərləri sırasında "Biri sənsən, biri mənəm", "Oxu, tar", "Əziz dost", "Qarabağın maralı", "Tənhalıq", "Gəl inad etmə", "Sən tək afət", "Azərbaycan elləri", "Bakı bağları", "Şur" və başqa nəğmələri qəlbləri fəth edir. İslam Rzayev bu gün aramızda olmasa da, onun yaşayaraq, ifa etdiyi hər bir mahnı qəlbimizdə səslənir.
İslam Rzayev xanəndə olmaqla yanaşı, uzun illər pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan musiqi sənətinə dəyərli nümayəndələr yetirmişdir. 120-ə yaxın gənc ifaçı yetişdirən xanəndə incəsənətin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Daim yaradıcılıqla məşğul olan İslam Rzayev iki il bundan əvvəl dünyasını dəyişərək Fəxri Xiyabanda torpağa tapşırılıb.