Opera və Balet Teatrında "Uşaq ili" çərçivəsində tamaşalar hazırlanır
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Uşaq ili" elan edil ən 2009-cu ildə Dövlət Akademik Opera və Balet Teatrı kiçik yaşlı tamaşaçılar üçün iki yeni tamaşanın - Azərbaycanın əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun "Cırtdan" operası və Avstriya bəstəkarı İohann Ştrausun musiqisi əsasında "Düyməcik" baletinin quruluşunu həyata keçirməyi nəzərdə tutmuşdur.
"Cırtdan" operasının quruluşunu əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyev həyata keçirəcək. Tamaşanın musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Kazım Əliverdibəyovun dediyinə görə, operanın premyerasının martın sonunda keçirilməsi nəzərdə tutulmuşdur.
Opera və Balet Teatrının rəhbərliyi İ.Ştrausun "Düyməcik" baletinin quruluşunu həyata keçirmək üçün Rusiyanın xalq artisti, məşhur xoreoqraf Liya Sabitovanı dəvət etmişdir. Balet tamaşasının musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı Rusiya Akademik Böyük Teatrından dəvət olunmuş Dmitri Çerbadjidir. Qeyd edim ki, bir neçə ay bundan öncə D.Çerbadji çox böyük uğurla səhnəyə qoyulan "Yeddi gözəl" baletinin səhnə tərtibatını həyata keçirmişdir.
"Düyməcik" baleti Opera və Balet Teatrının Bakı Xoreoqrafiya Məktəbi ilə birgə layihəsidir. Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş bu tamaşada teatrın balet truppasının artistləri ilə yanaşı, həm də Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri çıxış edəcəklər. Baletin quruluşu üzərində işlərin teatr mövsümünün sonuna kimi tamamlanması nəzərdə tutulmuşdur.
Quruluşu yüksək bədii səviyyədə həyata keçiriləcək hər iki tamaşa gələcəyimiz olan uşaqların sağlam ruhda böyüməsi, onların bədii - estetik zövqünün formalaşması və onlara uşaq yaşlarından akademik sənətə - opera və balet sənətinə məhəbbət aşılamağa xidmət edəcəkdir. Bu tamaşalar uşaq ili çərçivəsində Opera və Balet Teatrı rəhbərliyini öz kiçik tamaşalarına töhfəsi olmuş, uzun illər rekpertuarında yüksək yer tutaraq kiçik tamaşaçılara sevinc bəxş edəcəkdir.