"Özümüzü kəsən qılınc" tamaşası oynanılıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyədə qastrol səfərindədir. Yanvarın 26-da teatrın kollektivi Türkiyə paytaxtının Keçirən rayonunda xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" ("Göytürklər") tamaşasını təqdim etmişdir. Tamaşadan öncə xalq şairinin türkiyəli tamaşaçılara müraciətinin videoyazısı nümayiş etdirilmişdir.
Xalq artisti Ağakişi Kazımovun quruluşçu rejissoru olduğu tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Hacı İsmayılov, Rafiq Əzimov, Məleykə Əsədova ifa etmişlər.
Tamaşadan sonra səhnəyə daxil olan ölkəmizin Ankaradakı səfiri Zakir Həşimov və Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok aktyorları təbrik etmiş, onlara hədiyyələr təqdim etmişlər.
Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Bunyatov səfirliyimizə və Keçiörən bələdiyəsinə təşəkkürünü bildirmiş, bələdiyyə sədrinə teatrın kollektivi adından xatirə hədiyyəsi təqdim etmişdir.