"Bayatı-Şiraz dəstgahı" adlı muğam və qiraət axşamı keçiriləcək
Hər il olduğu kimi, bu il də 2 Fevral Gənclər Günü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər keçiriləcək.
Belə ki, keçiriləcək tədbirlər yanvar ayının 31-də M.Maqomayev adına Dövlət Filarmoniyasında Uşaq-Gənclər Simfonik Orkestrinin konserti ilə başlayacaq. Konsertdə gənc solistlər Mahmudova Nəzrin, İsmayıl Yunus, Jeyla Seyidova, Anar Seyidov, Günel Sadıxova və Nəzrin Zərbəliyeva çıxış edəcəklər.
Fevral ayının 2-də isə Rəssamlar İttifaqı ilə birlikdə Vəcihə Səmədova adına sərgi salonunda 70-ə yaxın gənc rəssamın əsərlərindən ibarət sərgi keçiriləcək. Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ tətbiqi sənət nümunələri nümayiş etdiriləcək. Bundan başqa nümayiş olunacaq əsərlərdən ibarət nəfis tərtibatlı kataloq hazırlanmışdır.
Həmin gün Dövlət Muğam Teatrında gənc xanəndə və qiraətçilərin iştirakı ilə "Bayatı-Şiraz dəstgahı" adlı muğam və qiraət axşamı keçiriləcəkdir. Proqramda 2005-ci ildə keçirilmiş I Muğam televiziya müsabiqəsinin laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Bəyimxanım Mirzəyeva və Vəfa Orucova, həmçinin, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-2008-ci illərdə keçirilən "Deyilən söz yadigardır" Respublika Bədii Qiraət müsabiqəsinin laureatları Elnar Qarayev, Elnarə Yusubova və Sona Həsənova iştirak edəcəklər.