“Ən yaxşı qısametrajlı bədii film layihəsi”nin qalibi filmin çəkilişləri sona yetib
Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" mövzusunda keçirdiyi "Ən yaxşı qısametrajlı bədii film layihəsi"nin qalibi "İki" adlı sinopsis əsasında eyniadlı bədii filmin çəkilişləri başa çatıb. "RTV" Prodüser Mərkəzinin ekranlaşdırdığı film birinci Qarabağ savaşı ərəfəsində mühasirəyə düşmüş kənd məktəbində təhsil alan ibtidai sinif şagirdinin həyatından bəhs edir. Filmin baş qəhrəmanı Cəfər öz bacısı və müəlliməsi tərəfindən mənəvi-psixoloji sıxıntılara məruz qalır.
Müəllimə məktəbə yeni bir qayda qoyur: dərslərindən dalbadal iki alan şagirdin boynuna ağ vərəqə yazılmış "2" rəqəmi asılacaq və həmin şagird böyük tənəffüsdə məktəb meydançasında gəzişərək başqalarının kinayəsinə və atmacalarına dözməli olacaq.
Yuxarı sinifdə iki alan şagirdlərdən biri isə Cəfərin böyük bacısıdır. Beləliklə, bu təlim-tərbiyə üsulu Cəfəri bacısı və müəlliməsiylə qarşıdurmaya gətirib çıxarır, onu bacısı tərəfindən dözülməz basqılara, müəlliməsi tərəfindən psixoloji təzyiqlərə məruz qoyur. Kənd isə mühasirədədir. Hər gün atəş səsləri eşidilir...
Amma filmin əvvəlində tamaşaçı boya-başa çatmış Cəfəri təzə tikilmiş binaların gözətçi köşkündə görür. O, şəhərdə də öz rahatlığını tapa bilmir və ətrafdakılar tərəfindən incidilir. Beləliklə, baş qəhrəman gözətçi köşkündən öz keçmişini - kəndini, müəlliməsini, bacısını, ata-anasını, müharibəni xatırlayır və film boyu naməlum bir adama zəng edib hər dəfə eyni sualları verir. Bəs bu adam kimdir? Filmin son səhnəsində bu adamın kim olduğu açılır. Müharibənin, siyasi kataklizmlərin və sadəcə, insan taleyinin birləşdiyi bu maraqlı filmdə savaş ikinci, insan taleyi isə birinci plandadır.
Filmin ssenari müəllifi Qarabağ savaşı dövründə reportyor kimi çalışmış yazıçı Məqsəd Nur, quruluşçu rejissoru Hacı Həsənov, quruluşçu operatoru isə Rövşən Quliyevdir. Rollarda Mehdi Kərimov, Amid Qasımov, Qabil Quliyev (xalq artisti) Gülər Nəbiyeva, Firuzə Balayeva, Məqsudə Əliyeva, Mehriban Hüseynova, Məhəmməd Məmmədli və b.-ı çəkiliblər. Film fevral ayının sonunda Mədəniyyət və Turizm nazirliyinə təhvil veriləcək. Filmin beynəlxalq festivallarda nümayişi üçün hazırlıq işləri görülür.