“Görkəmli ifaçılar” silsiləsindən növbəti tədbir keçirildi
İ.Əbilov adına mədəniyyət mərkəzində ənənəvi olaraq keçirilən "Görkəmli ifaçılar" silsiləsindən olan növbəti tədbir tanınmış qarmon ifaçısı, respublikanın əməkdar artisti Gövhər Rzayevaya həsr olunmuşdur. Yanvarın 31-də təşkil olunmun tədbirə tanınmış musiqi ifaçıları, eləcə də, Gövhər Rzayevanın pərəstişkarları toplaşmışdır.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov açaraq Gövhər Rzayevanın həyat və yaradıcılıığından qısa şəkildə danışaraq, onun Azərbaycan ifaçılıq sənətindən özünəməxsus yeri olduğunu vurğuladı. O, qeyd etdi ki, Gövhər xanım Azərbaycan rəqslərini, xalq mahnılarını məharətlə ifa edən sənətkarlardandır. Onun yaradıcılığında yer almış bəstəkar və xalq mahnıları, xüsusilə də, Azərbaycan rəqsləri orijinal bir şəkildə dinləyicilərə təqdim olunur.
Tədbirdə çıxış edən tanınmış jurnalist Alim Nəbioğlu geniş şəkildə Gövhər Rzayevanın ifaçılıq sənətindən söz açaraq, onun fərdi cizgilərini göz önünə gətirdi. Uzun illər yaradıcılıq yolunda fəaliyyətdə olan qarmon ifaçısı bir sıra musiqi nömrələrinə yeni nəfəs, çalar əlavə etmişdir. Xalq qəzetinin müxbiri Rafiq Salmanov, şair Anar Məmmədov və b.-ı çıxış edərək, Gövhər Rzayevanın sənət naxışlarından danışdılar. Tədbirdə müğənnilərdən Yaqut Babayeva, Samirə Yusifova, İlqar Məmmədov və digərləri Gövhər Rzayevanın müşayiəti ilə rəngarəng musiqi nömrələrini təqdim etdilər. Tədbirin sonunda Gövhər xanıma Mədəniyyət Mərkəzi tərəfindən hədiyyə təqdim olundu.