Hüseyn Cavid yaradıcılığının gənc nəslin tərbiyəsində rolu
AMEA "Hüseyn Cavid yaradıcılığının gənc nəslin tərbiyəsində rolu" mövzusunda dəyirmi masa keçirdi. Tədbirdə muzeyin direktoru filologiya elmləri namizədi Gülbəniz Babaxanlı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Hüseyn Cavid irsinin tədqiqatçısı, filologiya elmləri doktoru, prof Kamran Əliyev, professor Rəhim Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Hüseyn Cavid adına 132 saylı orta məktəbin, həmçinin, 190 və 199 saylı orta məktəblərin müəllim kollektivi iştirak edirdi.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin görkəmli Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin şəxsiyyətinə və yaradıcılığına böyük hörmət, diqqət və qayğı ilə yanaşdığını, onun nəşinin uzaq Sibirdən doğma Vətənə gətirilməsinin, Naxçıvanda məqbərəsinin ucaldılmasının, ev- muzeyinin yaradılmasının, əsərlərinin külliyyatının latın qrafikası ilə çap edilməsinin təşəbbüskarı olduğunu xüsusilə qeyd etdilər.
XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan şairin yaradıcılığından söhbət açan G.Babaxanlı Hüseyn Cavid irsinin qiymətləndirilməsində, əsərlərinin nəşrində, xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışdı. Respublika Prezidenti İlham Əliyevin sərəncamına əsasən, böyük ədib və sənətkarın 125 illiyinin ölkədə yüksək səviyyədə keçirildiyini xüsusi qeyd etdi. O, Hüseyn Cavid yaradıcılığının - onun sosial, tərbiyəvi, nəsihətamiz, eyni zamanda, tənqidi xarakter daşıyan qiymətli əsərlərinin gənc nəslə ötürülməsinin əhəmiyyətindən danışaraq, müasir gənclərin tərbiyəsində, dünyagörüşünün zənginləşməsində mühüm rol oynadığını bildirdi.
Prof N.Şəmsizadə Hüseyn Cavid irsinin, yaradıcılığının yaşadılması ilə bağlı muzeydə görülmüş işləri yüksək qiymətləndirdi. Cavid yaradıcılığının Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olduğunu bildirərək, onu Azərbaycan ədəbiyyatının romantik şairi kimi səciyyələndirdi, istiqlal dövrünün sənətkarı adlandırdı. Cavid yaradıcılığının bədii-fəlsəfi mahiyyətinin gənc nəslə çatdırılmasının önəmliyini vurğuladı.
H.Cavid dilinin zənginliyindən danışan AMEA-nın müxbir üzvü Teymur Kərimli bu dilin nəinki ədəbiyyatımıza, həmçinin, həyatımıza, publisistikamıza sirayət etdiyini, onun əsərlərinin milli şüurun inkişafında mühüm rol oynadığını və dərslik kimi önəmli olduğunu bildirdi.
Mövzu ətrafında aparılan diskussiyalar zamanı H.Cavidin əsərlərinin tədrisi ilə bağlı qarşıya çıxan problemlər müzakirə olundu, yazıçının əsərlərinə tədrisdə daha geniş yer verilməsi təklifi irəli sürüldü. Cavidşünaslar tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdılar.
Sonda Müasir Təhsil Kompleksinin 6-cı sinif şagirdi Qəndab Əliyeva ədibin "Azər" poemasından parçalar səsləndirdi.