Xaçmaz rayonuna infotur təşkil ediləcək
2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirilir.
İyunun 4-5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Palma" İstirahət Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil ediləcəkdir. Layihənin məqsədi respublikamızın ən gözəl rayonlarından olan Xaçmaza yerli turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə infoturun təşkil olunmasıdır. Məlumat üçün bildiririk ki, bu infoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulmuşdur. Turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eyni zamanda, mədəni-tarixi abidələrlə və rayonun təbiəti ilə də tanış olacaqlar.