“Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nailiyyətləri”
Dünən AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nailiyyətləri" mövzusunda fundamental monoqrafik sərgi keçirildi.
Sərginin təşkili ilə bağlı məlumat verən AMEA MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA-nın müvafiq institutlarında aparılan fundamental xarakterli elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən silsilə sərgilərin təşkil olunduğunu diqqətə çatdırdı. O, sözügedən sərgilərin ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"nın icrası məqsədi ilə keçirildiyini söylədi. A.Əliyeva-Kəngərli bildirdi ki, kitabxana əməkdaşları tərəfindən bu illərdə Azərbaycan alimlərinin əldə etdiyi nailiyyətləri əks etdirən "Məlumat biblioqrafik göstərici" də nəşr olunacaq.
Sərgidə AMEA-nın müstəqillik illərində qazandığı elmi nailiyyətləri əks etdirən 4000-ə qədər Azərbaycan və xarici dillərdə nəşr olunmuş fundamental ədəbiyyatlar nümayiş olundu. Bunlardan görkəmli elm xadimləri - akademik Budaq Budaqovun çoxcildli "Coğrafiya elminin uğurları", akademik Bəkir Nəbiyevin "Seçilmiş əsərləri" (5 cilddə), filologiya elmləri doktoru Gövhər Baxşəliyevanın "Hamıdan ucadır alimin yeri", AMEA-nın müxbir üzvü Nizami Cəfərovun 5 cildli "Seçilmiş əsərləri", akademik Nailə Vəlixanlının "Naxçıvan - ərəblərdən monqollaradək", akademik İsa Həbibbəylinin "Ədəbi-tarixi yaddaş və müasirləri" və "Azərbaycan tarixi" 7 cilddə və bir çox başqa alimlərin əsərləri nümayiş olundu.
Kitabxana tərəfindən nəşr olunmuş kitablar xüsusi diqqət cəlb edirdi. Ədəbiyyat sərgisinin nümayişi iyun ayının 15-dək davam edəcəkdir.