Azərbaycan Bəstəkarlar İttifaqında əməkdar incəsənət xadimi Sərdar Fərəcovun "Üzeyir işığında" kitabının təqdimatı keçirilib. ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyir işığında" kitabını yüksək sənətkarlıqla yazılmış nadir kitab kimi dəyərləndirdi. Natiq bildirdi ki, Sərdar Fərəcov musiqişünas kimi elmi yaradıcılığının böyük hissəsini məhz Üzeyir Hacıbəyli irsinə həsr etmişdir. Uzun illər Üzeyir bəy irsinə dair yeni tapıntılar, mətbuatda dahi bəstəkarla bağlı hər hansı bir xəbər yalnız S.Fərəcovun təqdimatında diqqətə çatdırılıb.
"Üzeyir işığında" kitabı da məhz həmin mətbuat səhifələrindəki məqalələrdən ibarətdir. Onlardan "Oxu tar", "Üzeyir Hacıbəylinin iki marşı", "Bir daha himn haqqında", "Bahar nəğməsi", "Əgər onlar da tamamlansaydı, yaşasaydı (Üzeyir Hacıbəylinin naməlum və yarımçıq qalmış bəzi əsərləri haqqında düşüncə)" bu və ya digər məqalələr Sərdar Fərəcovun Üzeyir Hacıbəyli irsinə yalnız bir tədqiqatçı kimi deyil, həm də bir bəstəkar, elmi işçi, publisist və ən başlıcası vətəndaş mövqeyini ifadə etmişdir.
Kitabın müəllifi S.Fərəcov Ü.Hacıbəylinin ev-muzeyinin arxivində, dahi bəstəkarın öz əli ilə yazdığı bir çox əlyazmaların hələ də geniş musiqi ictimaiyyətinə çatdırılmadığını bildirib. Müəllif vurğulayıb ki, toplanmış əlyazmalar içərisində nadir sənət nümunələri - esselər, resenziyalar, müxtəlif əsərlər haqqında bəstəkarın düşüncələri neçə illərdən sonra da çox dəyərli və aktualdır.
Tapılmış əlyazmalar içərisində vaxtilə radioda səsləndirilmiş, sonralar yaddan çıxmış "Qu nəğməsi" radio pyesi, bəstəkarın öz əli ilə məhv etdiyi güman olunan "Şeyx Sənan" operasından üç musiqi parçası, vaxtilə yazılmış "Ər və arvad" liberettosu və ona aid üç musiqi parçası, 1920-ci illərdə yazılmış "Milli marş", "Azərbaycan marşı" və s. nadir əlyazmalar vardır.
Əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları İmruz Əfəndiyeva, Zemfira Qafarova və başqaları kitabın ərsəyə gəlməsində böyük əməyi olan Sərdar Fərəcova minnətdarlıqlarını bildirib və nəşrin akademiyada dərs vəsaiti kimi tədris olunması təklifini irəli sürüblər.
Tədbirdə Bakı Musiqi Akademiyasının professorları Ülviyyə Hacıbəyova və Yeganə Axundovanın ifasında bəstəkarın musiqilərindən parçalar təqdim olunub.
Sonda Sərdar Fərəcovun ssenarisi əsasında çəkilmiş və Ü.Hacıbəyliyə həsr edilmiş "Əbədi iftixarımız" sənədli filmi nümayiş etdirilib.
Xatırladaq ki, filmin rejissoru Tahirə Hüseynovadır..
Bütün Polşa onun haqqında danışır...