Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində azsaylı xalqların mədəniyyətinə diqqət və qayğı xüsusi yer tutub. Bu siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu həssas məsələyə daim böyük önəm verilmiş, son illər ərzində azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafı üçün misli görünməmiş tədbirlər həyata keçirilib.
YUNESKO-nun 20 oktyabr 2005-ci il tarixində qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2006, 2008-ci illərdə respublikada "Azərbaycan-doğma diyar" devizi altında keçirilmiş Azsaylı Xalqların İncəsənəti Festivalı respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. "Azərbaycanın ənənəvi musiqi atlası" və "Azərbaycan etnik musiqisinə həsr olunmuş albom" hazırlanmış, respublikanın görkəmli alimlərinin iştirakı ilə təşkil edilmiş "Azsaylı xalqların mədəni irsi və müasirlik" və "Milli azlıqların mədəni irsinin qorunması" mövzularında elmi konfranslarda maraqlı məruzələr dinlənilərək, Muzey Mərkəzinin sərgi salonunda azsaylı xalqların və etnik qrupların həyat və yaşayış tərzini əks etdirən böyük fotosərgi nümayiş etdirilib.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Rəşid Behbudov adına Mahnı Teatrında, Bakı şəhərində və respublikamızın 15-dək rayonunda fəaliyyət göstərən, demək olar ki, bütün milli azlıq və etnik qrupları təmsil edən, 800 nəfər iştirakçını özündə birləşdirən 40-dan çox kollektivin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə, xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə 2011-ci ilin 14-18 iyun tarixlərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan - doğma diyar" devizi altında Azərbaycanda yaşayan Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçiriləcək. Festivalın Təşkilat Komitəsi yaradılmış, nazirliyin müvafiq şöbələri festivalın keçirilməsinə səfərbər olunmuş, festivalın emblemi, afişası, dəvətnamələri hazırlanmışdır. 2011-ci il iyun ayının 16-da Muzey Mərkəzində "Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət" mövzusunda dəyirmi masanın keçirilməsi, daha sonra 5 dildə "Azərbaycanda yaşayan xalqların mahnıları" CD diskinin hazırlanması nəzərdə tutulub. Lənkəran, Şəki şəhər, Astara, Masallı, Lerik, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran rayon mədəniyyət və turizm şöbələri tərəfindən azsaylı xalqların bədii kollektivlərinin Bakı şəhərinə ezam edilməsi və festivalda iştirakı təmin olunub. Festivalın yekun konserti iyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.
Bütün Polşa onun haqqında danışır...