"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın Tədbirlər Planında Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin inkişafı, kitabxana-informasiya sahəsinin zəruri istiqamətləri üzrə nəzərdə tutulan beynəlxalq tədbirlərdə Azərbaycan kitabxanaçılarının iştirakı və təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Ukrayna Respublikasının Krım vilayətinin Sudak şəhərində keçirilən "Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət, təhsil və biznes aləmində" Beynəlxalq Kitabxana Konfransında Azərbaycan kitabxanaçıları iştirak ediblər. Sözügedən Konfransda Azərbaycanın kitabxana-informasiya sahəsini Mədəniyyət və Turizm Nazirliyi, Prezident Kitabxanasının kitabxanaçıları təmsil ediblər.
Konfransda təbrik sözü ilə "Krım-2011" Beynəlxalq Kitabxana Konfransının təşkilat komitəsinin sədri, Rusiya Dövlət Elmi-Texniki Kitabxanasının baş direktoru Y.L.Şrayberq, "İnformasiya hamı üçün" YUNESKO Proqramının Rusiya Komitəsinin sədri E.İ.Kuzmin, Krım Muxtar Respublikasında Ukrayna prezidentinin daimi nümayəndəsi V.Q.Yasuba, Krım Muxtar Respublikasının Nazirlər Sovetinin sədri V.Q.Jartı, Ukrayna mədəniyyət naziri M.A.Kulinyak, Moskva Şəhər Mədəniyyət Departamentinin sədr müavini O.V.Qrişina və başqaları çıxış edərək, XXI əsrdə informasiya cəmiyyətinin formalaşmasında, habelə, cəmiyyətin artan informasiya tələbatının ödənilməsində kitabxanaların rolu haqqında çıxış ediblər.
Konfransda "Kitabxana və cəmiyyətin elektron informasiyası, informasiya əsrinin yeni onilliyində bizi nə gözləyir?", "Gənc kitabxana mütəxəssisləri, yeni nəsil-yeni baxış?", "Uşaq və yeniyetmələrdə qiraətlə bağlı çətinliklər", "Elektron kataloq və Elektron kitabxanaların yaradılması üzrə Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin tədris dərsləri" mövzular üzrə seminar, dəyirmi masa, sərgi və prezentasiyalar xüsusi maraqla qarşılandı.
Konfransın dördüncü günü Azərbaycan kitabxana mütəxəssisləri İ.Qasprinski adına Krım-tatar kitabxanasında Türk dünyasının aşıq poeziyasının nümayəndəsi Aşıq Ömərin anadan olmasının 390 illik yubileyi ilə əlaqədar "Şair doğulmuşam mən..." mövzusunda keçirilən tədbirdə iştirak ediblər. Tədbirdə Aşıq Ömərin həyat və yaradıcılığında maraqlı faktlarla yanaşı, bütün türk xalqının aşıq sənət adamlarının adları qeyd edilibdir. Azərbaycan aşıq yaradıcılığı haqqında çıxış edən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra mədəniyyətin bütün sahələri ilə bərabər aşıq sənətinə və onun inkişafına göstərdiyi dövlət qayğısından, Azərbaycan Aşıqlar Birliyinin yaranması, 2009-cu ilin may ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Luvr şəhərində Azərbaycan aşıqlarının təşkil etdiyi konsert və digər tədbirlər haqqında danışaraq, Azərbaycanın aşıq sənətinin tanınmış nümayəndələrinin yaradıcılıqları və onların irsinin kitabxanalarda təbliği barədə geniş məruzə edib.
Azərbaycanın aşıq sənəti yaradıcılığı tədbir iştirakçılarının böyük marağına səbəb olub. Eyni zamanda, həmin tədbirdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının veb- saytı və kitabxananın nəzdində yaradılan Rusiyanın İctimai-Hüquqi İnformasiya Mərkəzi, habelə, kitabxanada keçirilən tədbirlərə dair slaydlar nümayiş etdirildi.
Tədbir haqqında məlumatlar İ.Qaspirinski adına Krım Tatar kitabxanasının veb-saytında (http://www.kitaphane.crimea.ua) yerləşdirilib.
C.Cabbarlı adına Respublika Gənclər kitabxanası və İ.Qasprinski adına Krım-tatar kitabxanası gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələsini razılaşdırdılar.
Konfransın maraqlı mövzularından biri də "Biliklərdən yararlanmaq imkanı və kitabxanaların dəyişən rolları" mövzusunda seminar və dəyirmi masa olub. Sözügedən mövzu İFLA-nın sabiq prezidenti, kitabxana-informasiya sahəsi üzrə tanınmış ekspert Ellen Tays müasir dövrdə müəllif hüquqları, müəllif hüquqlarının qorunması, kitabxana və nəşriyyatların birgə əməkdaşlığı məsələləri barədə danışaraq maraqlı mühazirə ilə çıxış edərək, seminar iştirakçılarının suallarını cavablandırıb.
Konfrans milli informasiya resursları, kitabxana fondları və onların qorunması, kitabxanalararası əməkdaşlıq, kitab ticarəti, kitab nəşri, online texnologiyaları, CD-ROM, elektron nəşr, internet və kitabxanalar, kitabxanalarda avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri, standartlar və s. kimi mövzular üzrə dəyirmi masalar təşkil olunub.
Bütün Polşa onun haqqında danışır...