Çağdaş poeziyamızın söz sahiblərinin girdabına düşdüyü söz, sənət, aləmi daim onları çəkərək bu dünyanın gözəllik və nəşəsini, kədər və ələmini, ağ və qara rəng çalarlarını vəsf etməyə sövq edir. Bu yaradıcı şəxsin həyatla yaşantılarının harmoniyası əsasında özünü büruzə verir. "Adiloğlu" nəşriyyatı tərəfindən çapdan çıxan "Xarı bülbüllə söhbət" kitabında şair düşüncəsinin təxəyyülündən süzülüb gələn misralarda bu, özünü bir daha aydın göstərir.
Kitabın müəllifi millət vəkili, şair Tahir Rzanın bədii düşüncələrinin ifadəsini əks etdirən nümunədə xalqa, torpağa olan məhəbbət hissi aşılanır. Bu hiss ilahi sevgidən, milli qürurdan, azərbaycançılıq ideyalarından yoğrulmuşdur. Şeirlərində üç varlığı- Allahı, insanı və dünyanı müqəddəs hesab edən şair bu məhfumların qarşısında baş əyərək, varlığı ilə əqidəsinin, ruhunun, kəsb etdiyi dəyərlərə məhəbbətini izhar edir. Şairin "Yaxşı insanlar", "Nadanlıq dərdi", "Qartal ölümü", "Cənnətdən gələn var", "Səsimə səs ver", "Qarabağ deyərək gor evindəyik" və s. şeirlərində şairin həyatla bağlı fəlsəfi görüşləri, eləcə də, onun yaşadığı aləmdə rast gəldiyi hadisələrlə bağlı fikirləri nəzm dilinə çevirmişdir. Tahir Rzanın vətənpərvərlik mövzusunda yazdığı şeirləri onun poeziyasında ana xətt olaraq davam edir ki, bu da torpağa, Azərbaycana olan bağlılığının əksidir. "Müqəddəsdir Azərbaycan" şeirində şair Azərbaycanı ayağa qalxmağa, haqqa dönük çıxan insanların yolunu kəsməyə, düşmənlərin arzularını boğmağa çağıraraq, canda nə qədər ki, can var ana torpağın əsir qalmayacağını, eləcə də, bu yolda vətən oğullarının sinəsini sipər edərək keşikdə duracağını qeyd edir.
Çox bəlalar çəkdi başım, fəqət, yenə əyilmədim,
Keçdiyim yol nəsillərə yaxşı dərsdir Azərbaycan!
- deyən şair xalqına müqəddəs bir diyarı qorumağı aşılayaraq, bu yolda dönməz olmağı tövsiyə edir. "Türkiyə-Azərbaycan" şeirində bir millət, iki dövlət olaraq xalqların qarşılıqlı münasibətindən söz açıb, haqqa qovuşamaq inamını poeziya dilinə gətirərək, ifadə vasitələrinin köməyi ilə bunu obrazlı şəkildə təqdim edir. "Dalğalan bayrağım", "Vətən", "Sizinlədir Azərbaycan", "Qalmaz yad əllərdə qalmaz Qarabağ", "Biz bir olsaq", "Bəsdir daha qərənfilim, ağlama" kimi şeirlərində şairin vətənlə bağlı fikirləri diqqəti cəlb edir və onun vətənpərvərlik ruhunu əks etdirən misralarında Azərbaycan torpağının heç zaman düşmən əlində qalmayacağı, Qarabağ savaşında hər kəsin səfərbər olaraq bir hədəfə doğru yol alacağı, eləcə də, bu ölkənin torpaqlarına göz dikən ermənilərin lazımi şəkildə öz cəzalarını alacağı diqqətə çatdırılır.
Kitaba daxil olan şeirlərlə yanaşı, şairin "Xarı bülbüllə söhbət" poeması da məhz vətən sevgisindən yoğrulmuş bir nümunədir.
Xarı bülbül, bu nə gündü, zamandı?
Sağın həsrət, solun ahdı-amandı,
Mənim dərdim səninkindən yamandı.
Yağı düşmən dağ çəkibdir bağrıma,
Yerlər-göylər dözə bilmir ağrıma.
- deyə şair poemanın əvvəlindən sonuna qədər Xarı bülbülə xitab edərək onun bağrına dağ çəkən, viran edib torpağını alan, tarix boyu bizə düşmən olan kəslərin məkrindən, təcavüzündən söz açaraq bu olayların baş verməsinin kökünün məhz məlum mənbəyə söykəndiyini ifadə edir. Xarı bülbülə tövsiyə edir ki, üzünü sabaha tut və vüqarlı ol. Özünü qürurlu bil ki, Vətən oğlu heç zaman od-ocaqsız yaşamayaraq səni yad əllərdən xilas edəcəkdir. Çox maraqlı xitablar əsasında nəzmə çəkilən poema müəllifin vətən nisgilini, vətən sevgisini ifadə edə biləcək ən məzmunlu nümunədir.
Bütün Polşa onun haqqında danışır...