PDF Oxu

Mədəniyyət

  • 2 530

“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” layihəsi

“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” layihəsi

1930-40-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Tədqiqi Kabinetində xalq artisti, professor Bülbülün rəhbərliyi ilə Azərbaycanın qeyri-maddi mədəni sərvətlərinin toplanılması və tədqiqi üzrə işlər aparılmışdır. Məqsəd Azərbaycan folklorunu, şifahi xalq ədəbiyyatı və musiqi folklorunu toplamaq, xalq mahnılarını nota çevirmək idi.

H.Cavidin ev-muzeyindən aldığımız məlumata görə, böyük dramaturq Hüseyn Cavidin oğlu Ərtoğrul Cavid 1937-41-ci illərdə bu işlərdə fəallıq göstərmiş, milli-mənəvi sərvətləri toplayaraq tədqiq etmişdir. Bu gün Ərtoğrul Cavidin Hüseyn Cavidin ev-muzeyindəki şəxsi arxivində 43 qovluqdan ibarət çox aktual qeyri-maddi mədəni irs nümunələri saxlanılır. Həmin materialların içərisində Azərbaycanın müxtəlif bölgələrindən toplanmış adət-ənənələr, dastanlar, aşıq şeirləri, nağıllar, klassik musiqi nümunələri və muğamlar haqqında şərhlər vardır. Ərtoğrul Cavid bütün bu materialları təhlil edərək musiqi, folklor, dil baxımından mükəmməl araşdırmalar aparmışdır. Bu materiallar araşdırılmış, nəşr olunması ilə bağlı muzeydə layihə hazırlanmışdır. "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" layihəsi dövlət tərəfindən qəbul olunmuş, onun nəşrinə lazımi kömək göstərilmişdir.

Layihənin müəllifi və kitabların tərtibçisi muzeyin direktoru Gülbəniz Babaxanlıdır. 12 cilddə hazırlanmış "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" əsərinin 10 cildi artıq çap edilmişdir. "Azərbaycanın adət-ənənələri və Ərtoğrul Cavid" adlanan birinci cilddə Qarabağ, Quba, Gəncə, Xızı, Basarkeçər, Bakı, Şəki, Dərbənd, Masallı bölgələrindən 1939-40-cı illərdə toplanmış toy və yas adətlərinə aid etnoqrafik materiallar, eləcə də, el mahnıları, deyimləri öz əksini tapmışdır. Bütün bu materiallar haqqında Ərtoğrul Cavidin yığcam, dərin məzmunlu elmi şərhləri də çap olunmuşdur.

"Azərbaycan klassik musiqi mətnləri və Ərtoğrul Cavid" adlanan ikinci cildə Azərbaycan klassik musiqi mətnləri və onlara Cabbar Qaryağdı və Süleyman Mansurov tərəfindən yazılmış şərhlər toplanmış və Ərtoğrul Cavidin hər bir mətnə ayrı-ayrılıqda yazdığı elmi təhlillər daxil edilmişdir. "Azərbaycan dastanları və Ərtoğrul Cavid" mövzusu digər cildlərdə yer almışdır. Bu cildlərə 1938-41-ci illərdə Ə.Cavid, H.İskəndərov, H.Əlizadə və C.Cahanbaxş tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən toplanmış Azərbaycan dastanları və Ərtoğrul Cavidin həmin dastanlar haqqında yazdığı elmi rəylər yer almışdır.

Qeyd edək ki, bəzi dastanları aşıqlar özləri yazıya almışlar. Eyni zamanda, aşıq Əsəd, aşıq Mirzə yaradıcılığı haqqında məlumat və 1937-ci ildə professor Bülbülün rəhbərliyi ilə aşıq yaradıcılığının əsas formalarını öyrənmək və bir neçə aşıq havasını nota almaq üçün çağırılan iclasın protokolları daxil edilmişdir.

"Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrul Cavid" mövzusu IX, X cildləri əhatə etmişdir. IX cilddə Azərbaycan aşıqlarının, xüsusən də, Molla Cuma və Miskinli Vəlinin əsərləri toplanmış və həmin materiallara Ərtoğrul Cavid, Hümmət Əlizadə tərəfindən yazılmış elmi rəylər yer almışdır. X cildə Aşıq Ələsgər və onun poetik çevrəsində olan aşıqların əsərləri və həmin əsərlərə Ərtoğrul Cavidin elmi rəyləri verilmişdir.

Çoxcildliyin qalan iki cildi - "Azərbaycan el mahnıları (nota köçürülmüş variant) və Ərtoğrul Cavidin çap olunmamış musiqi əsərləri" adlanan XI cild, "Balaman məktəbi" adlanan XII cild üzərində isə hələ işlər davam etdirilir. Yaxın vaxtlarda onların da çap olunması gözlənilir. Çoxcildlik nəfis şəkildə çap olunmuşdur.

Bu günlərdə kitabın təqdimatının keçirilməsi planlaşdırılır.

Digər xəbərlər