PDF Oxu

Mədəniyyət

  • 720

Macarıstanda “Gəlin azərbaycanca danışaq” kitabının təqdimat mərasimi keçirilib

Macarıstanda “Gəlin azərbaycanca danışaq” kitabının təqdimat mərasimi keçirilib

Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev Macarıstanın Budapeşt Korvinus Universitetində səfərdə olmuşdur. Bu səfər çərçivəsində bir neçə maraqlı tədbir keçirilmişdir. İlk olaraq professor K.Abdullayevin Budapeşt Korvinus Universitetinin rektor və professor-müəllim heyəti ilə görüşü olmuşdur.

Görüş çərçivəsində rektorlar universitetlər arasında gələcək əməkdaşlıq haqqında məsələləri müzakirə ediblər. İki ali məktəb arasında artıq bir ildir ki, mövcud olan əməkdaşlıq müqaviləsinin gələcəkdə daha da işlək hala gətirilməsi əsas müzakirə mövzusu idi. Eyni zamanda, unikal dillərin tədrisi ilə tanınan BSU-da yaxın gələcəkdə regionumuzda ilk dəfə olaraq macar dilinin tədrisinə başlanılması ilə bağlı BSU rektorunun təklifi qarşı tərəfdən böyük maraqla qarşılandı. Bununla yanaşı, BSU tərəfi də öz ənənələrinə sadiq qalaraq Macarıstanın Budapeşt Korvinus Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının gələcək münasibətlər perspektivinin zəruri addımı kimi qeyd etdi. Görüşün ikinci hissəsində Budapeşt Korvinus Universitetinin rektoru Dr.Tamas Meszarosun təşkilatçılığı və rəhbərliyi ilə professor Kamal Abdullayev və Maria Keneşinin macar dilində çap olunmuş "Gəlin azərbaycanca danışaq" adlı kitabının təqdimat mərasimi keçirilib. Rektor Dr.Tamas Meszarosla yanaşı, tədbirdə Korvinus Universitetinin dilçi və ədəbiyyatçı alimləri, görkəmli elm və mədəniyyət xadimləri, Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, səfirliyin əməkdaşları, digər universitetlərin müəllim və tələbələri də iştirak ediblər və təqdim edilən nəşrin ilk növbədə macar və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə, mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini qeyd ediblər. Bu maraqlı kitabda Azərbaycan tarixi, dili, mədəniyyəti müasir ictimai-siyasi durumu ilə bağlı dəyərli məlumatlar macar dilinə tərcümə olunmuş, sonda Maria Keneşi tərəfindən hazırlanmış ikidilli lüğət də əlavə olunub.

Kitabın başqa bir təqdimat mərasimi də Azərbaycan Respublikasın Macarıstandakı səfirliyində keçirilib. Mərasimi giriş sözü ilə açan səfir V.Quliyev qeyd edib ki, xalqların və dövlətlərin qarşılıqlı dostluq əlaqələrinin təməlində həmişə mədəni və elmi əlaqələrin rolu böyük olmuşdur. Bu gün belə bir kitabın nəşri dərin mədəniyyətə, ortaq tarixə malik macar və Azərbaycan xalqları arasında müasir dövrdə atılan daha bir körpüdür və bu körpü gələcək nəsillərin daha da yaxınlaşmasına öz müsbət təsirini göstərəcəkdir. Kitabın müəllifi professor K.Abdullayev ilk növbədə macar xalqına və tədbirdəki qonaqlara kitaba olan maraq və rəğbətlərinə görə təşəkkürünü bildirib: "Macarıstanda macar dilində Azərbaycan dili haqqında kitabın nəşri məni çox sevindirir. Yüksək elmi elitanın bu kitaba olan marağı isə bu sevinci daha da artırır. Ümid edirəm ki, bu kitab qeyd olunduğu kimi, bizim mədəni əlaqələrimizin inkişafında öz sözünü deyəcək və elmi sahədə bu cür əməkdaşıq daha da genişlənərək davamlı olacaq. Macar cəmiyyətində Azərbaycan xalqına və dilinə olan maraq mənə bu sözləri deməyə imkan verir". Mərasimdə iştirak edən qonaqlardan kitabın həmmüəllifi Mariya Keneşi, kitabın elmi redaktoru akademik Georgi Hazai və başqaları kitab haqqında öz fikirlərini bildiriblər.

Sonda müəllif K.Abdullayev qonaqlara kitab üzərində iş və onun ərsəyə gəlməsi haqqında ətraflı məlumat verib kitabları öz imzası ilə tədbir iştirakçılarına hədiyyə edib.

Digər xəbərlər