Azərbaycan milli mədəniyyətinə, incəsənətinə dövlət səviyyəsində göstərilən diqqət gənclərin sənətə gəlməsinə geniş imkanlar açıb. Sənətə yol açan gənclər onlara yaradılan bu şəraitdən bəhrələnib, Azərbaycan milli mədəniyyətindən qaynaqlanaraq, səhnəyə yeni bir imic gətirirlər. Belə gənclərdən biri də müğənni Günay İbrahimlidir. Gənc olmasına baxmayaraq, bu günə qədər bir çox müsabiqə və festivalların iştirakçısı olmuş, müxtəlif yerlərə layiq görülmüşdür.
Belə ki, o, "Eurovision-2011" Mahnı Müsabiqəsinin seçim turundan finala qədər gəlmiş, öz səsi ilə münsiflər heyətinin, eləcə də, tamaşaçıların diqqətində olmuşdur. O, "Eurovision-2011" müsabiqəsində 3-cü həftənin finalçısı olmuşdur. Ən böyük arzusu bu müsabiqədə Azərbaycanı təmsil etməkdir. 2011-ci ildə qazanılmış uğur bir gənc olaraq onu qürurlandırır. Bu müsabiqənin Azərbaycana gətirilməsini Azərbaycan musiqisinə, sənətinə olan dünya ictimaiyyətinin münasibəti kimi qiymətləndirir. Müxtəlif xalqların 60 minədək nümayəndəsinin ölkəmizə gəlməsini Azərbaycanın tanınmasında, daha da imicinin yüksəlməsində rolu olacağını bildirir.
Bu müsabiqəyə qədər Günay xanımın "Bakı gecələri" Mahnı Müsabiqəsində "Yada sal" mahnısı yer qazanıb. "Yeni ulduz" Mahnı Müsabiqəsində isə Tünzalə Ağayevanın "Pərvanə" mahnısı ilə finalçı olub. "Yaxşıların yaxşısı" müsabiqəsində "Gənc ifaçı" nominasiyasının qalibi olub.
Günay İbrahimli istedadlı gəncdir. Öz üzərində məsuliyyətlə çalışır, təməlini qoyduğu yaradıcılıq yolunu zənginləşdirməyə çalışır. "Yeni ulduz" müsabiqəsindən ötən 4 il ərzində 15-dən çox mahnı üzərində işləyib. Solo və duet ifaçısı kimi tanınan Günaya artıq müraciətlər də olunur. Onun Elşad Xose ilə oxuduğu "Yadına sal" dueti maraq doğurmuşdur. Mahnının sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur. Daha bir duetin ərsəyə gələcəyini bildirir. Payız ayında Tünzalə Ağayeva ilə duetini sənətsevərlərə təqdim edəcək. Yaradıcılıq planlar sırasında sözləri Leyliyə, musiqisi isə Pərviz Mahmudova məxsus olan "İzlə" mahnısına klip çəkdirmək və albomunu buraxdırmaq dayanır.
Daim yorulmadan çalışan gənc müğənni portuqal mahnısı olan "Yada salma" mahnısına da klip çəkdirib. Yeni aranjimanda təqdim olunan mahnı öz ritmi və ifasına görə müasir estrada nümunələri sırasında yer alıb. Bütün qazandığı uğurlara görə o, uşaq yaşlarından yol gəlmişdir. Belə ki, o, Asəf Zeynallı adına Musiqi Məktəbinin fortepiano şöbəsində Esfira Tahirovanın sinfini bitirib. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin estrada fakültəsində təhsil alır. Azərbaycan Musiqi Məktəbində özünəməxsus yeri olan İlqar Muradov, Cavid Hüseyn onun müəllimləri sırasındadır. Vokal müəllimi isə Esmiralda Hüseynovadır. Bununla yanaşı, o, fərdi qaydada isə Mzia Qambaşadzedən dərs alır. Bütün bunlarla yanaşı, onun musiqiçi kimi yetişməsində ailəsinin də rolu olub. Bu ailə, demək olar ki, musiqiçilər ailəsidir. Anası və atası müxtəlif musiqi alətlərinin ifaçısıdır. Babası Tofiq Əliyev isə zamanının tanınmış tar ifaçılarından olmuşdur.
Günay xanım estrada sənətinə gəlsə də, Azərbaycan klassik musiqisinə böyük həvəs göstərir. Şövkət Ələkbərovanın, Hacıbala Hüseynovun, Rəşid Behbudovun və başqalarının ifasında olan musiqi əsərlərini dönə-dönə dinləyir, onların ifaçılıq sənətinin incəliklərini əxz edir. Ara-sıra gənc ifaçı kimi klassiklərin yaradıcılığına müraciət edir. Şövkət xanımın repertuarından olan "Bir könül sındırmışam" mahnısını özünəməxsus şəkildə ifa edib. "Bakı", "Azərbaycan", "Zərif gülüşlər" kimi klassik mahnıları ifa edib. Artıq püxtələşmiş musiqiçi olmaq istəyi ilə muğam janrına müraciət etməyi qərara alıb. Muğam dərsləri almaq üçün xalq artisti Alim Qasımova müraciət edəcək.
O, gənc ifaçı olaraq Azərbaycan milli musiqislə yanaşı, dünya xalqlarının estradasına da böyük həvəs göstərir. Lara Fabianın "Je-Taime" mahnısını məharətlə ifa edib.
Günay İbrahimlinin sənət yolu ümidvericidir. Artıq bu aləmdə sözünü deyir. Azərbaycan estrada məktəbinin müasir ifaçıları olan Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Teymur Əmrah onun səsini dinləmiş və özünəməxsus ifasını qiymətləndirib, gələcəyinə ümid bəslədiklərini bildirmişlər. Bu gün o, gənc müğənni kimi Azərbaycanı təmsil edir. İdman və Gənclər Nazirliyinin xətti ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti günlərində, eləcə də, Dağıstanda olan Azərbaycan mədəniyyəti günlərində iştirak etmişdir. Dövlət səviyyəsində keçirilən tədbirlərə dəvət alır.
Günay İbrahimlinin gələcək planlarının biri digərini əvəzləyir. Bütün bunlar onun sevilən bir müğənni kimi estrada səhnəsində yer tutması istəyindən irəli gəlir. Müasir estradamızın sayılıb-seçilən, klassikləşən sənətkarları sırasında ismini həkk etmək üçün gənc yaşlarından qaynar bir həyata atılıb. Gənc müğənniyə uğurlar səni müşayiət etsin deyirik.
Bütün Polşa onun haqqında danışır...