Azərbaycan Respublikasının Prezidentinin Azərbaycanda "2011-ci ilin - Turizm ili" elan olunması ilə bağlı 15 fevral 2011-ci il tarixində imzaladığı müvafiq Sərəncamın icrasına uyğun olaraq, Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi, ölkənin turizm potensialının beynəlxalq aləmdə təbliğatı, kadr hazırlığının yaxşılaşdırılması, turizmin müxtəlif növlərinin yaradılması və inkişafı, turizm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra məqsədyönlü işlər həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən, beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyası bu il Ümumdünya Turizm Təşkilatına "qoşulmuş üzvlər" kimi təsdiq olunmuşdur.
Qeyd edək ki, 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutunu 2010-cu ildə 74 nəfər ilk məzun bitirmişdir. Bunlardan 14-ü, Avstriyanın Krems Universitetinin müvafiq diplomlarını əldə etmişlər. Bu ali təhsil ocağının yaradılmasında məqsəd, ilk növbədə, ölkəmizdə turizm sahəsində kadr probleminin həllinə nail olmaqdır.
Bakı Turizm İnformasiya Mərkəzi respublikada yaradılan ilk belə mərkəzlərdəndir. Bakı şəhərinə səfər edən edən çoxsaylı xarici turistlərə ölkəmiz və paytaxtımız haqqında dolğun informasiyanın çatdırılması, turistlərin müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilməsi və bir sıra beynəlxalq sərgilərdə Azərbaycanın mövcud turizm imkanlarının təbliğ edilməsi adıçəkilən mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir.
Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildə turizm şirkətlərinin birliyi kimi yaradılmış, 2010-cu ildə isə Mehmanxanalar Assosiasiyası ilə birləşərək fəaliyyətini daha da genişləndirmişdir. Adıçəkilən qurum turizm sahəsində özəl sektorun hüquqlarını qoruyur və işini tənzimləyir. Qeyd olunanlarla yanaşı, daxili turizmin inkişaf etdirilməsi, xidmət sahəsindəki bəzi problemlərin aradan qaldırılması məqsədilə seminarların təşkil olunması, ÜTT-yə üzv olan ölkələrin Turizm Assosiasiyaları ilə əlaqələrin genişləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilir.
Bütün Polşa onun haqqında danışır...