Poeziyaya olan meyil yaş həddi nəzərə alınmadan insan idrakının məhsulu olaraq meydana çıxır. Yaradıcı insanın qələmə aldığı misralar dünyagörüşü çərçivəsində təhlil edilir, mülahizələr yürüdülür. Cəmiyyətdə formalaşan və insanların əhatəsində inkişaf prosesi keçən varlıqlar həyatla zaman arasındakı ziddiyyət və münasibətləri görür, bunu müxtəlif meyarlar çərçivəsində qələmə alırlar. Bu gün yaradıcılıq aləminə səyahət etdiyimiz poeziya həvəskarı Ümid Həsənov kimi. Müxtəlif mövzulara müraciət edən Ümid həyatı duyma və dərketmə prizmasından doğan duyğu və düşüncələrini kağız üzərinə köçürür. Onun yaradıcılıq görüşləri yaşına uyğun olaraq şaxələnmiş və bu istiqamətdə ülvi, bakirə hisslərini bənzətmə, təzadlar, mübaliğələr əsasında qələmə alır. O, şeir yazmaqla yanaşı, şahmata da həvəs göstərir. Artıq bu sahədə uğurlara imza atıb. Bakı şəhəri üzrə məktəblilər arasında keçirilən şahmat yarışında qalib olaraq, diplomla təltif edilib. Özü də dərs əlaçısıdır.
Ümidin misralarında ana xətt olaraq Azərbaycanla bağlı fikirlərinə və ən əsası isə sevgi dolu misralara təsadüf edirik. Onun "Vətən", "Azərbaycan" kimi şeirləri Ümidin vətən sevgisini səmimi şəkildə təqdim edir. Misralarındakı qətiyyət onun amal və arzularını, gələcəkdə qurub-yaratmaq istəyini üzə çıxarır. Vətəni sevirəm və sevəcəyəm, - deyən Ümid vətənə bağlılığını kövrək və qətiyyətliliklə ifadə edir. Özünün bir gül tək torpaqda bitdiyini və quş tək göylərində pərvazlandığını qeyd edərək vətənini canından çox sevdiyini, Azərbaycanı həm yerdə, həm də göydə hifz etdiyini lirik boyalarla diqqətə çatdırır. Azərbaycan ifadəsini söyləyərkən böyük qürur hissi keçirərək belə vətəninin olduğundan məmnundur. Ölkənin yeraltı və yerüstü sərvərlərini vurğulamaqla, Azərbaycanın bu nemətləri ilə yanaşı, mərd qəhrəman oğullarının olmasını da poetikləşdirir. Ölkədə gedən proseslərə, xalqın yaşadığı faciələrə, işğal altında olan torpaqlara münasibət və etirazları vətənpərvərliyinin nümunəsi tək özünü büruzə verir. Belə ki, "Xocalı", "Qarabağ", "20 Yanvar" adlı şeirlərində Ümidin vətənlə bağlı kədəri, göz yaşı diqqətdən yayınmır. Onun şeirlərində vətən torpaqlarının azad olmasına çağırış da var. O, ərən oğullara "gəlin, döyüşə gedək, vətən uğrunda ölək",- deyərək Xocalını xilas etmək, bu məkanda düşməni kökünü kəsmək iddiası ilə çıxış edir. Bizdən kömək istəyən bu məkanların azadlığı uğrunda düşmənə qan uddurub, onlardan qisas almaq arzusu ilə yaşayır. Gün olacaq ki, Xocalı qayıdacaq, üçrəngli bayrağımız məhz həmin torpaqlardan asılacaqdır, - deyərək misralarındakı məna yükü ilə yaşıdlarını, vətən oğullarını mübarizəyə səsləyir.
Qəlbin dərd çəkməsin belə,
Səbr et, dönərsən bülbülə,
Sənin dərdin bizim dərddir,
Bənzərsən sən qızılgülə
- deyən balaca şair torpağında, təbiətində açılan laləzarlığın tezliklə sakinləri tərəfindən seyr ediləcəyini nikbin ruhda təqdim edir. Onun Allaha xitabla yazdığı şeirlərində, eləcə də, dünyanın müqəddəs varlıqları ataya-anaya, müəllimə ünvanladığı misralarda həyata baxışı, onu cəmiyyətə hazırlayan insanlara məhəbbət hissləri lirik ovqatla nəzmə çəkilib. Bu məzmunda olan şeirlərində onun nəsihətamiz misralarına da təsadüf olunur:
Qanımdır, gözümdür, o, mənim dünyam,
O mənim müqəddəs anamdır, anam.
Hər şeydən əzizdir o ana bizə,
Anasız bir övlad yaşayar necə?!
Onun bu və ya digər misralardakı hikməti, vətən sevgisi, Azərbaycana bağlılığı, Ümidin gələcək poeziya yolunun şaxəli və məzmunlu olacağını göstərir.
Bütün Polşa onun haqqında danışır...